Ötən gün Yardımlı-Hamarkənd-Abasabad yolunun açılış mərasimi keçirilib.
Aktual.az xəbər verir ki, açılış mərasimində icra başçısı Sevindik Hətəmovla bərabər, Yardımlının millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.
İcra başçisi S.Hətəmov Yardımlıya göstərdiyi diqqət və qayğıya görə prezident İlham Әliyevə təşəkkür edib.
O qeyd edib ki, bundan əvvəl Yardımlı-Deman-Arvana yolu çəkilmişdi. Yardımlı-Hamarkənd-Abasabad yolu da qısa müddətdə inşa edilib. Başçının sözlərinə görə, planda Bozayran-Bürzümbül-Vərgədüz-Bilnə yolunun çəkilişidir, bu yolun inşasına yaxın vaxtlarda başlanılacaq.
Sevindik Hətəmov deyib ki, Yardımlıda quruculuq işləri davam edəcək. İcra başçısı bildirib ki, bundan sonra digər kəndlərə də asfalt yolun çəkilməsi planlaşdırılır.
S.Hətəmov rayonun infrastrukturunun yaxşılaşdırılması, su çəkilişi, artezian quyularının vurulması və kəndlərin qazlaşdırılması prosesinin davam edəcəyini də deyib.
S.Rüstəmxanlı 7 kəndi birləşdirən bu əhəmiyyətli yolun vacibliyindən, əhali üçün mühümlüyündən danışıb.
Deputat qeyd edib ki, Yardımlının bu kəndlərində insanlar uzun müddət yolsuzluq problemindən əziyyət çəkib və artıq yeni yolun çəkilişi bu çətinliyi arxada qoyub.
S.Rüstəmxanlı təklif edib ki, bu yeni yol Vərgədüz, Bürzümbül və Bilnə kəndlərindən keçməklə Lerikə qədər uzanarsa, əhalinin yolsuzluq probleminin aradan qalxmasında və bu dağ rayonunun sosial infrastrukturunda ciddi dönüş yaranar.
Təklif icra strukturu tərəfindən də dəstəklənib və layihənin davam etdirilməsi üçün müraciət edilməsi barədə məsləhətləşmələrə qərar verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı Xalq şairi Sabir Rüstəmxanlının doğulduğu kəndə yol çəkilməsi barədə sərəncam vermişdi. Bu sərəncamdan sonra 7 kəndi birləşdirən Yardımlı-Hamarkənd-Abasabad yolunun inşası başlanılmışdı.
Qaynar.info
