
NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun ölkə prezidenti İlham Əliyevə etdiyi əfv müraciətinə onun atası İbrahim Novruzlu münasibət bildirib.
İbrahim Novruzlu Aktual.az-a deyib ki, oğlu Şahin Novruzlunun prezidentə müraciəti gözlənilən idi:
"Çünki bu məsələ çoxdan müzakirə olunurdu. Onu deyim ki, mən onun qərarına müdaxilə etməmişəm. Bilirsiz, bir ildən çoxdur ki, o uşaqlar həbsxanada cəza çəkir, narahat. əziyyətli günlər yaşayırlar. Yəqin ciddi düşünməyə, hər hansı qənaətə gəlməyə də kifayət qədər vaxtları olub.
Övladım bir valideyn kimi mənim keçirdiyimi əziyyətləri də yaxşı başa düşürdü və hesab edirəm ki, onun prezidentə məlum müraciəti bununla bağlı oldu".
Xatırladaq ki, Ş. Novruzlu əfv müraciətində törətdiyi əməldən peşmançılığını ifadə edib:
“Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və təhsilimi Odlar Yurdu Universitetinin maliyyə-kredit fakültəsində davam etdirmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi Sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək, məni əfv etmənizi rica edirəm.
Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.
Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.
Qaynar.info