Ankarada baş verən terror hadisəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin növbəti dəfə təxirə düşməsinin ardından Azərbaycan prezidenti İlham Əliyev qardaş ölkəyə rəsmi səfərə getdi. Bu səfər iki ölkə prezidentləri arasında səmimi görüş və birgə dostluq bəyanatlar ilə yadda qaldı.
Politoloqlar tərəfindən də bu səfər iki ölkə arasında strateji əməkdaşlığın pik həddi kimi qiymətləndirildi. Lakin bütün bu münasibətlərin fonunda hələ də Azərbaycan tərəfinin Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanın ləğv olunması məsələsi müzakirə olunmur.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu musavat.com-a açıqlamasında viza rejiminin ləğv edilməsinin vacibliyini önə sürüb: “Strateji müttəfiqlər gərək bu məsələni həll etsinlər. Çünki, bu yaxınlarda Avropa İttifaqının da Türkiyəyə vədləri var ki, Türkiyə vətəndaşlarına tətbiq etdikləri vizanı ortadan qaldıra bilər. Ona görə də Avropa ölkələrindən tələb edə bilərlər ki, Türkiyəyə qarşı viza rejimi aradan qaldırılsın. Azərbaycan üçün də belə bir problem ola bilər ki, gələcəkdə Türkiyə məcburiyyət qarşısında qalıb, Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edə bilər. Əgər Azərbaycan tərəfi vizanı ləğv etsə, bəlkə Türkiyə tərəfi də istisna hal kimi, Azərbaycan vətəndaşlarını bu prosesdən kənarda saxlaya bilər”.
Politoloq ölkə başçısının böyük jestinin fonunda viza məsələsinin də həllinə ümid etdiklərini qeyd edib: “Əslində, heç prezident İlham Əliyevin Türkiyəyə səfəri olmamalı idi. Əksinə, Ərdoğan Bakıya gəlməli idi. O zaman da mən gözləyirdim ki, bu məsələ həll olunacaq. Çünki, Azərbaycan tərəfi ilə qapalı görüşlərdə bu məsələni hər dəfə qaldırırlar. Ancaq İlham Əliyevin bu jesti, Ərdoğanın Azərbaycana gələ bilməməsi kimi çətin durum qarşısında onun özünün Ankaraya getməsi Türkiyədə və Azərbaycanda çox yüksək qiymətləndirildi. Hər iki ölkənin mediası da bunu yazdı. İlham Əliyev görüşərkən vücud dili ilə də göstərirdi ki, o, Türkiyə ilə necə müttəfiqdir. Avtomobildən düşən kimi Ərdoğanı qucaqlaması, mətbuat konfransında Ərdoğanı bağrına basması hətta Ərdoğanın özündə də müsbət mənada təəccüb doğurdu. Yəni, bu jest o qədər yüksək qiymətləndirildi, hətta bu səfər o qədər əhəmiyyətli idi ki, orada viza məsələsi nə zaman həll olunacaq kimi sual da arxa planda qaldı. Yəni, səfərlə bağlı kimsə viza məsələsindən yazmadı. Çünki, səfərin özü daha əhəmiyyətli idi”.
Elxan Şahinoğlu Azərbaycanda turizmin inkişaf etdirilməsi baxımından da viza rejiminin ləğvinin əhəmiyyətli olduğunu vurğulayıb: “Ancaq aydın məsələdir ki, səfər arxadan qaldı, əməkdaşlıq davam edir. İndi bu məsələni həll etmək lazımdır. İlham Əliyev özü bu səfərlə hədəfi böyütdü və indi Azərbaycan hakimiyyəti ona uyğun da hərəkət etməlidir. Ən böyük addımlardan biri də məhz yaxın zamanlarda Türkiyə vətəndaşlarına qoyulan viza rejiminin aradan qaldırılması ola bilərdi. Əgər, Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, bu baxımdan da belə bir addım Azərbaycan üçün vacibdir.
Qaynar.info