Zərdüşt Əlizadə
Martin 5-də professor Çapay Əli oğlu Sultanovun yubileyidir. Soruşa bilərlər ki, neçə yaşı olur? Bunun nə əhəmiyyəti var? Hər insanın yaşı onun özünü necə hiss etməsindən asılıdır.
Çapayın atası Naxçıvandandır. Ürəyinizə heç nə gəlməsin, Çapay bundan heç bir imtiyaz qazanmayıb, zira onun yetişdiyi və ərsəyə gəldiyi dövrdə bu amilin zərrə qədər əhəmiyyəti yox idi. İndi buna inanmaq, əlbəttə ki, çətindir, amma belə vaxtlar həqiqətən olmuşdur.
Çapayın anası Qarabağdandır. Yenə ürəyinizə heç nə gəlməsin, çünki bunun da Çapayın ictimai tərəqqisində və vəzifə yüksəlişində heç bir rolu olmamışdır. Niyə? Çünki, bayaq qeyd etdiyim kimi, zəmanə başqa idi.
Lakin onu da etiraf etməliyik: hərdən professor Sultanovun xasiyyətində və hərəkətlərində elə hallar müşahidə edilir ki, həmin andaca onun əslinin Naxçıvan və Qarabağla bağlılığı hamiya əyan olur. Burada, necə deyərlər, heç nə etmək olmaz, çünki hələ heç kəs genetika ilə mübahisəyə girişəndə udmayıb.
Nəsil və kök ilə yanaşı yeniyetmə və gənc Çapayın təşəkkülünə ən güclü təsiri göstərmiş amil onu yetişdirən mühit olmuşdur. Bu mühitin adı XX əsrin birinci yarısının Bakısı, İçəri Şəhər və 6 nömrəli məktəbdir.
İndiki gənc nəsil həmin Bakının nə olduğunu bilmir və bilə də bilməz. İndi şah taxtında monoetnik türk-azəri Bakısı bardaş qurub əyləşib. O zaman isə Bakı beynəlmiləl, və hətta, millətçilər məni bağışlasın, kosmopolit şəhər idi. Məsələn, Nyu-York kimi...
Kosmopolit şəhər nə deməkdir? Belə şəhər - qazandır. Bu qazanda müxtəlif qövm və millətlərin müxtəlif növ insanları qaynayıb-qarışır və nəticədə analoqu olmayan məxluqat peyda olur. Məsələn, bakılı kəşfiyyarçı Raynhardt Zorge kimi, və ya bakılı fizik Lev Landau kimi, və ya bakılı misiqarlar Leopold və Mstislav Rastropoviçlər kimi, bakılı SSRİ nazirləri Baybakov və Orucov kimi, bakılı yazıçılar Leonid Zorin və Çingiz Hüseynov kimi, bakılı şairə İnna Lisnyanskaya kimi, bakılı şahmatçı Harri Kasparov kimi, bakılı futbolçular Ələkbər Məmmədov, Eduard Markarov, Anatoliy Banişevskiy, Kazbek Tuayev, Valeriy Hacıyev kimi... Mən hələ Fərman Salmanov miqyaslı görkəmli geoloqlar kəhkəşanını demirəm.
Mənim üçünsə ayrıca – Çapay Sultanov kimi...
Nə üçün ayrıca? Çünki o, mənim dostumdur, mən onu çoxdan tanıyıram və oxuyuram.
Çapay Sultanov çox sevdiyi İçəri Şəhərdə (Qədim Bakı). Müharibədən sonrakı illərdə məhəllə yoldaşları ilə birgə
İçəri Şəhər Çapayın ruhunun təməl daşıdır. Onun evində divardan yağlı boya ilə çəkilmiş rəsm əsəri asılıb: “Qala uşaqları futbol oynayır.”Bu uşaqlardan biri onun özüdür. Döyüşkən və davakar Çapay İçəri Şəhərin yetirməsidir.
Bir dəfə söhbət məşhur bir yazıçıdan düşmüşdü. Çapay müəllim nə vaxtsa təsadüfən onun düşük hərəkətinin şahidi olduğunu təəssüflə qeyd etdi. Sonra isə kefi duruldu və dedi: “Dedim ona çıxaq eşiyə...” Mən heyrətə gəldim: “O ki, sizdən bir baş hündür və azı 50 kilo ağırdır...” Professor saymazyana əlini yelləyib dedi: “O ki, İçəri Şəhərli deyil. Küçəyə çıxan kimi hoppanıb sifətinə bir kəllə vuracaqdım, sınıb başlayacaqdı yalvarmağa. Lakin hərif deyəsən mətləbi anladı və iş davaya çatmamış üzr istəməyə başladı ...”
Mən ağsaqqal professorun ziyalı sifətinin arxasından boylanan, 1940-cı illərin səciyyəvi davakar yeniyetməsini gördüm.
6 nömrəli məktəb – beynəlmiləl, idmançı və sözün həqiqi mənasında nünunəvi təhsil ocağı.... Bu qazanda azərbaycanlılar, ruslar, yəhudilər, ermənilər, ləzgilər, tatlar və daha kimlər və kimlər qaynayıb-qarışıb “Bakılı” adlanan bir qövmə çevrilirdilər. 6 nömrəli məktəb şagirdlərinə qardaşlıq, nəciblik, şərəf və cəsarət aşılayırdı.
Gənc Çapayın gözü hündür və yaraşıqlı basketbolçu Lyubanı tutur. Çapay heç vaxt cəsarət sarıdan korluq çəkmədiyindən qızın qəlbini fəth edir. İndi mən onların bir-birinə necə mehriban və həyan olduqlarını müşahidə edəndə, Lyubov Yakovlevnanın öz Çapayına necə qayğı göstərdiyinə baxanda, ilk məhəbbətin necə də sərrast və ülvi hiss olduğuna bir daha əmin oluram.
Çapay müəllimin öz məktəbinə, öz dostlarına və yoldaşlarına, öz zamanına sədaqəti misilsizdir. O, nəsli və zamanı barədə bir neçə film yaradıb və İnternetə qoyub. Bu rəqəmsal zəmanə əbədiləşib və hamıya müyəssərdir.
Bir dəfə bir videoya baxdım. İsrailə köçmüş bakılılar yığışıb şənlənir, zarafatlaşır, yeyib-içirlər. Birdən kimsə deyir: “Bizim Çapay bizə film göndərib, gəlin baxaq...” Ümumi şənlikdən və masadan ayrılmaq həvəskarları tapılmadı, cəmi iki nəfər, bir kişi və bir xanım ekranın önündə əyləşdilər. Film başladı, keçmiş zamanların müsiqisi səsləndi və zala yayıldı. Camaat ekranın önünə toplaşmağa başladı və ... sehirləndi. Bakılılar öz gənclik illərinə, səadət və ümid dolu günlərin danılmaz sübutuna baxmağa başladılar. Zala tam sükut çökdü, heç kəs cınqırını belə çıxarmadı. Hamı diqqətini cəmləyib keçmiş zaman haqqında şirin xatirələrin bir anını belə itirmək istəmədi.
Film qurtaranda cilovlanmış hisslər sədləri aşırdı, hamı yerindən sıçrayıb uzaq Bakıda olan müəllifə şükr-səna yağdırdı, ona dostlarına və zamanına vəfalı qaldığına, onlara belə səxavətli hədiyyə göndərib gənclik illərinin Bakısına qaytardığına görə təşəkkür etdi.
Professor Sultanov öz gənclik illərinin filmləri və musiqisindən ibarət bir xəlitə-xatirə yaradıb İnternetə qoyub. Gələcəyə inam və ümidlə baxan bütöv bir nəsil sovet, amerikan və Avropa filmlərinin və musiqisinin yaratdığı ecazkar dünyanın təsiri ilə böyümüşdü.
Professor bir dəfə mənə kədərlə dedi: “Nizami küçəsinə çıxıb dayanıram, yarım saat keçib-gedənə baxıram. Bir nəfər belə tanış rastıma çıxmır... Amma əvvəllər heç beş dəqiqə tək dayana bilməzdim, ətrafım dost-tanışla dolardı...”
Bu sözlərdən oxucu hansı nəticəyə gələ bilər? Fikirləşər ki, Çapay Sultanovun zamanı keçib və o, Bakıya yad adamdır? Mən bu fikirlə əsla razı deyiləm və mövqeyimi sübut etməyə hazıram. Müasir zamana yad olan professor deyil, taleyin hökmü ilə gəzib-gəzib Bakıya düşmüş və onun küçələrində biganə dolaşan insanlardır ki, müasirlikdən xəbərləri yoxdur.
Çapay Sultanov qədər müasir insanı ölkəmizdə tapmaq çətindir. Heç xatırlamağa dəyməz ki, Çapay Sultanov görkəmli alimdir, geologiya-mineralogiya elmləri doktorudur, geologiya və neft hasilatının proqramlaşdırılması sahəsində sayılan mütəxəssisdir, şahmat üzrə idman ustasıdır, şahmatda kompyuter proqramlarının tətbiqi sahəsində öncüllərdən biridir, ölkəmizdə şahmat idmanı gur inkişaf edən dövrdə Respublika Şahmat Federasiyasına rəhbərlik etmişdi. Onun ondan artıq neft, siyasət, şahmat və tarix üzrə kitabı və saysız məqalələri onu dünyada məşhur etmişdir. Onun kitablarının ideyaları əsasında Qərbdə filmlər çəkilir və ümumdünya miqyaslı telekanallarda göstərilir. Onun şəxsi saytı istifadəçilərin sayına görə çempiondur. Kim daha müasirdir: beş-on qohum və tanışına məlum olan insan, ya saytına 20 milyon istifadəçinin müraciət etdiyi şəxs?
Onunla nadir görüşlərim mənim üçün bayramdır. Mən kamil, azad və, cəsarətli insanı, sistemli düşünən alimi, həsiz işgüzar və çalışqan insanı görürəm. Çapay müəllim səxavətli və təmənnasız, müdrik və sadiq insandır. Rəhmətlik atam demişkən, “Belə adamları istehsal edən fabrik yanıb...”
Təəssüf ki, belə nadir adamlar indi Azərbaycanda , demək olar ki, qalmayıb. Mən minlərlə insan tanıyıram. Çapay yeganə belə adamdır. Belə adamlar zamanın, dövranın, mühitin və şəraitin məhsuludur. Hər şey dəyişdi və belə adamlar artıq nadir halda yetişir. Çapay Sultanov miqyaslı və istedadlı insanların azlığı ölkə və dünya üçün sezilən itkidir.
Qarabağ mövzusu onun yaradıcılığında əlahiddə yer tutur. Münaqişə və Azərbaycanın müasir tarixi barəsində yüzlərlə kitab yazılıb. Onların arasında ciddi və diqqətə şayan əsərlər də var. Lakin öz təsir dairəsinin miqyasına görə onun “Təcavüz” və “İmperiyanın son zərbəsi” kitablarının tayı yoxdur.
Professor Sultanov, onun bədxahlarından birinin könülsüz etirafına görə, dünya ermənilərinin davranışının “işlək model”ini qurmuşdur. Bu model erməni millətini zərbə altına qoyub onu tarixin dəyirman daşlarının arasına atmış, bütün Cənubi Qafqazı böyük dövlətlərin nüfuz uğrunda rəqabət meydanına çevirmişdir.
Çapay Sultanov SSRİ-ni süquta gətirmiş səbəbləri dərindən təhlil və təsnif etmişdir. Onun bu mətnini oxuyarkən mən bilaixtiyar özümə deyirdim: “Axı bütün bunlar bizdə də, müstəqil Azərbaycanda da baş verir. Deməli, bizim dövlət də təhlükədədir. Ölkənin başçıları bunu dərk edirmi?”
Təəssüf ki, yuxarılar vətənpərvər alimi dinləmək istəmir. Bir dəfə o, “yuxarı”ya göndərdiyi bir tövsiyə barəsində mənə danışdı. Mən bu tövsiyənin dövlət maşınımızı nə qədər gücləndirəcəyini dərk etdim.
Lakin heyhat, kimə deyirsən? Dar düşüncə və əyalət təfəkkür tərzi bütün postsovet məkanı üçün səciyyəvidir. Bütün MDB məkanında hakim zümrələr mütəxəssis rəyinə eyni etinasızlıqla yanaşırlar.
Siz əgər Çapay Sultanovun dostları sırasına düşmək şərəfinə nail olmuşsunuzsa, bilin: dara düşsəniz, sizin yanınızda birinci Çapay müəllim olacaq və öz köməyini təklif edəcək. Mən bunun şahidi olmuşam və təsirlənmişəm.
Sultanovların evi qonaqlı-qaralıdır. Sultanov ailəsi təmənnasız və ülvi insan ünsiyyətini hər şeydən üstün tutur. Çapay müəllim özü də hədsiz maraqlı müsahibdir, ömrü boyu adı tarixə düşmüş insanlarla təmasda olub. Lakin onların qonaqpərvərliyi üçün bir istisna günü var. Bu, şənbədir. Həmin günü baba və nənə dünyada hamıdan cox sevdikləri nəvəyə həsr edirlər.
Mən xoşbəxt insan barəsində yazıram. İnsana xoşbəxtlik üçün nə lazımdır? Sevimli iş, sevimli qadın və sevimli dostlar. Bunların hamısı Çapay Sultanovda var. Mənə ona bu xoşbəxtlikdən mümkün qədər uzun müddət istifadə səadəti, bunun üçünsə ən mühüm olan cansağlığı arzulamaq qalır.
İllər sonra Ələkbər Məmmədov və Çapay Sultanov.
“Mən son bir neçə günü xatırlayıram...”