Ölkə 18:05 19.10.2022

Prokuror Ramin Hacılıya 9 il iş istədi - İctimai fəal ölüm aclığına başladığını bəyan etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyada ittiham olunan "Azərbaycan Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılının məhkəməsi davam edib. 

Qaynarinfo xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək, Ramin Hacılının 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Prokuror deyib ki, Hacılıya qarşı dələduzluq, qanunsuz miqrasiyanın təşkili, saxta sənəd, vəzifə saxtakarlığı kimi ittihamlar məhkəmədə təsdiqini tapıb. Söhbət xarici ölkələrə iş, müalicə, turizm məqsədilə, yaxud da mühacir kimi getmək istəyən şəxslərin aldadılması, viza almaq üçün səfirliklərə saxta sənədlərin təqdim olunmasıyla bağlı ittihamlardan gedir.

Dövlət ittihamçısı Hacılının yalnız dələduzluğa görə cəzalandırılmasını istəyib. Çünki saxta sənəd və vəzifə saxtakarlığı ittihamları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

Hacılının üzərində əvvəlki hökmlərlə ona təyin edilən, lakin çəkilib başa çatdırılmayan cəzalar var. Prokuror təklif edib ki, qalan cəzaları da birləşdirilsin və o, 9 il azadlıqdan məhrum edilsin.

Ramin Hacılı dövlət ittihamçısının çıxışını qərəzli hesab etdiyini və ölüm aclığına başladığını bildirib. "Ədalətsizliyə etiraz olaraq, ölüm aclığına başlayıram. Mənim başqa yolum qalmadı...”, deyə o vurğulayıb.

Ramin Hacılı işi üzrə araşdırmaların natamam aparıldığını, müstəntiqin qərəzli olduğunu deyir.

Növbəti proses oktyabrın 26-na təyin edilib.

Ramin Hacılı 2017-ci ildə ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə suçlanaraq, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin hökmüylə ona şərti cəza verilib. 

2018-ci ildə sərhədi qanunsuz yolla keçməyə cəhddə suçlanaraq yenidən saxlanılıb. 

Seyid