Dünya 20:02 31.01.2023

Prokurorluq jurnalist Nevzorova 9 il həbs istədi

Moskvanın Basmannı rayon məhkəməsində keçirilən çıxışlar zamanı prokuror hərbi "feyk” materialları yaymaqda təqsirləndirilən jurnalist Aleksandr Nevzorova (Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d” bəndi) qiyabi olaraq 9 il həbs cəzası istəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mediazona”nın müxbiri məhkəmə zalından məlumat verib.

Dövlət ittihamçısı həmçinin Nevzorovun 4 il müddətinə internetdə nəşr etmək hüququndan məhrum edilməsini istəyib. Hökm fevralın 1-də elan olunacaq.

İstintaqın fikrincə, Nevzorov martın əvvəlindən mayın sonuna kimi Rusiyadan kənarda olarkən özünün "Telegram" və "YouTube" kanallarında və "Instagram" hesabında Rusiya hərbçilərinin Mariupol və Buçada törətdiyi cinayətlər haqqında "qəsdən yalan məlumat” olan mətnlər və videolar dərc edib. 

Aprelin 29-da publisist axtarışa verilib, mayın 6-da isə Basmannı rayon məhkəməsi onu qiyabi həbs edib. Baş Prokurorluq Nevzorovun "Rusiya Federasiyasının hüdudlarından kənarda istintaqdan və məhkəmədən gizləndiyinə" görə məhkəmələrin onun iştirakı olmadan keçiriləcəyini və "cinayət işində təqsirləndirilən şəxsin olmadığı halda bütün mümkün istintaq hərəkətlərinin həyata keçirildiyini" bildirib.

Aprel ayında Ədliyyə Nazirliyi Aleksandr Nevzorovu "xarici agentlər” reyestrinə daxil edib. 

Daha sonra publisistin işinə baxan Basmannı məhkəməsi onun Sankt-Peterburqdakı torpağı və evi üzərinə həbs qoyub. 

İyun ayında Nevzorov Ukrayna vətəndaşlığını aldığını bəyan edib. 

Rusiya Nevzorovu hərbi "feyk" məlumatlar yaymaqda ittiham olunan bir neçə digər rusiyalı ilə birlikdə ekstradisiya etməyə çalışıb, lakin İnterpol cavab verib ki, onların mühakimə olunduğu maddənin özü siyasi motivlidir.

Nizami Bağırov