
Ruhi əsəb dispanserindən qaçmış və müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin axtarışı bu saatadək hələ ki nəticə verməyib. Onlar xəstəxanadan qaçma şəraitləri barədə müxtəlif versiyalar səslənir.
Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya xəstəxanasından qaçan 4 nəfəri hələki saxlamaq mümkün olmayıb. Sabunçu rayon polis idarəsi və DİN-in yaydığı məlumata görə, həmin şəxslərin saxlanılması istiqamətində axtarışlar davam etdirilir. Xəstəxanadan qaçmağa müvəffəq olan şəxslərdən biri Tural Abbasov Binaqədi rayonunun köhnə Pişəvəri, indiki Cavadxan küçəsindəki 4 saylı binada yaşayırmış.
Qonşuların sözlərinə görə, oğlunun narkotik istifadəçisi olduğunu bilən Gülhüseyn Abbasovun səhhətində ciddi problemlər yaranır və o dünyasını dəyişir. Ailə bundan sonra binada onlara məxsus olan 2 mənzildən birini satıb, digərini isə kirayə verərək ərazidən köçür. Narkotik asılılığı isə Turalın sonrakı həyat yolunu bir sıra cinayətlərə qədər aparıb çıxarır. Elə bu səbəbdəndir ki, hazırda o Cinayət Məcəlləsinin 4 maddəsi 177- oğurluq, 178- dələduzluq , 181-quldurluq və 310- vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə təqsirli bilinir. Ruhi əsəb dispanserindən qaçan digər şəxslər Razim Hacıyev və Yusif Məhərrəmov Cinayət Məcəlləsinin181-ci quldurluq maddəsi ilə, Elvin Nəsrullayev oğurluq maddəsi ilə ittiham olunurlar. Daha bir maraqlı məqam isə bu şəxslərin məhkəmə qərarı ilə təcridxanaya deyil, psixoloji dispanserə göndərilməsidir. Həmin şəxslərin dispanserə nə zaman və hansı psixoloji durumda gətirilməsi ilə bağlı məlumat almaq üçün Maştağada yerləşən bir nömrəli respublika psixiatriya xəstəxanasıda olsaq da, hər hansı məlumat ala bilmədik.
Digər ruhi əsəb dispanserlərindən fərqli olaraq, 1 nömrəli respublika psixiatriya xəstəxanasında ətraf mühit üçün təhlükə törədə bilən ruhi xəstələr eləcə də, barəsində məhkəmə hökmü olmayan müqəssirlər və məhkəmə hökmü olan islah əmək müəssisələrində cəza çəkən cinayətkarlar müalicə olunurlar. Həmin cinayətkarların isə təcridxanadan dispanserə yerləşdirilməsi həkim-ekspertlər tərəfindən verilən rəy əsasında həyata keçirilir. Bəzən isə verilən rəyin həmin şəxsin psixoloji vəziyyətinə görə olmadığı iddia olunur.
Sabiq polis rəisi Mahmud Hacıyev: “Hər hansı bir şəxs cinayət əməli törətdikdə onun qurtarılması yönümündə müəyyən hərəkətlər olunur. İstintaq Məhkəmə Orqanı onu qurtara bilməyəndə onda belə bir hal olur ki, onu ruhi disspanser vasitəsilə, yəni əməli törədəndə anlaqlı vəziyyətdə olmadığı barədə rəy verməklə istər istintaq vaxtı azad olunur o əməldən, istərsə də məhkəmə gedişatında azad olunur. Belə hallar baş verir”.
Səhiyyə Nazirliyi isə belə iddiaları əsassız hesab edir. Nazirliyin mətbuat xidmətindən suallarımıza qısa olaraq bildirdilər ki, hər hansı şəxsin psixoloji durumu ilə bağlı rəyi ekspertiza komissiyası verir və indiyə qədər saxta rəy verilməsinə rast gəlinməyib.
Odur ki, belə iddialar həqiqətə uyğun deyil. Bir həqiqət isə var ki, hansısa şəxslərin məsuliyyətsizliyi üzündən ruhi əsəb dispanserindən qaçmağa müvəffəq olmuş və müxtəlif cinayətlərdə şübhəli bilinən 4 nəfər hazırda azadlıqdadır və onlar sadə vətəndaşlar üçün real təhlükə mənbəyidir.
Qaynar.info