"İnsanlar yeni davranış modelinə öyrəşməkdə çətinlik çəkirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov pandemiya və karantin rejiminin insanların psixologiyasına təsirindən danışarkən deyib. Onun sözlərinə görə, pandemiyanın tibbi tərəfini həkimlər yetərincə əsaslandırıb və bu istiqamətdə maarifləndirmə aparılıb:
"Bunun sosial psixoloji tərəfindən ən mühüm məqamı yeni davranış modelinin yaranmasıdır. İnsanlar yeni davranış modelinə öyrəşməkdə çətinlik çəkirlər. Bura həm sosial məsafə, həm də tibbi maska taxmaq aiddir. Bu, insanların öncə öyrəşmədikləri bir davranış modelidir. İnsanlar diskomfort olur və bu, hansısa formada müəyyən gərginliyə gətirib çıxarır. Biz birinci növbədə çalışmalıyıq ki, yeni davranış modelinin təbliği istiqamətində insanlarla mütəmadi maarifləndirmə işi aparılsın. Bundan sonra pandemiya nə qədər davam edər, yaxud etməz, biz bunu bilmirik. Ancaq bu davranışı mənimsəməliyik. Bir insan tibbi maska taxsın, biri isə taxmasın. Burada biz ünsiyyətdə, davranışda da fərq görəcəyik. İstər iş mühitində, istərsə də yaxınlarla ünsiyyətdə bu aydınca seçilir. Yaxud da sosial məsafənin qorunması özü də bir davranışdır. Bunun kimi digər məqamlar var ki, insanlar bundan narahat olurlar. Düşünürəm ki, biz bu istiqamətdə maarifləndirmə işini nə qədər şox aparsaq, gərginliklər də arxa planda qalacaq".
Elnur Rüstəmov qeyd edib ki, karantin dövründə qətl və intihara cəhd kimi məlumatlar əsası olmayan informasıyadır:
"Statistika, eyni zamanda informasiyalar var. İki aylıq karantin dövründə Azərbaycanda xüsusu olaraq nə intihar, nə də ailədaxili zorakılıq hadisələri nəzərə çarpdı. Pandemiya müharibədir. Müharibə şəraitində psixoloji problemlər donmuş vəziyyətdə olur. Çünki əsas fikir və düşüncə yönəlir özünü düşməndən qorumağa. Düşməm koronavirusdur. Bu gün qorunma tədbirləri görülür. Ona görə də bu hallarda qətl və intihar hadisələri daha az olur. Bu hadisələrə bir başa pandemiya təsir göstərdi demək olmaz, bunun dolayısı ilə təsiri ola bilər. Karantin rejimi yumşalan kimi qətl və intihar hadisələri mətbuatda işıqlandırıldı".
Elnur Rüstəmov qeyd edib ki, karantin dövründə psixoloji problemlərlə bağlı şikayətlərin statistikası hələ açıqlanmayıb:
"İnanıram ki, bundan sonra maariflənmə işi aparılacaq".
Bahar Rüstəmli