Valyuta alqı-satqısı həyata keçirməklə yüksək gəlir əldə etmək istəyən üç nəfərin 4 milyon manatdan artıq pulu ələ keçirilib.
"Qafqazinfo”nun məlumatına görə, həmin iş üzrə bu gün məhkəmə prosesi başlayıb.
İttihama görə, 33 yaşlı Alışan Nizami Akif oğlu özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Onun əməlindən üç nəfər zərər çəkib. Babək Məmmədzadə 1 milyon 300 min, Zeynal Usubov 945 min, Yadigar İsrafilov isə 200 min dollarını itirib.
Alışan Nizami Akif oğlu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqlarını qorumaq üçün vəkil Samir İsayev yenicə işə qoşulub. Bu səbəbdən hələ ki, cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilməyib.
İş üzrə başqa bir dəqqətçəkən məqam da var. Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Məlumata görə, Babək "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.
Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.
Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub.
Zeynal Usubov
Şərhlər