Xəbər lenti

“Qaçqınkom”un nümayəndəsi söz verdi: “O ailə mənzillə mütləq təmin olunacaq”
Ölkə15:15 20.04.2017

“Qaçqınkom”un nümayəndəsi söz verdi: “O ailə mənzillə mütləq təmin olunacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1993-cü ildə Ağdamın işğalından sonra məcburi köçkün olan Nizami Bəxtiyarovun ailəsi 25 ildir yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi 6/4 ünvanında yerləşdiyi evdən çıxarılır. Hazırda bu ailənin yaşadığı məhəllədə söküntü işi aparılır. Sökülən evlərin yerində “Pilot Həyat” MMC çoxmərtəbəli bina tikəcək. Digər sakinlər, demək olar ki, köçürülüb. Bəxtiyarovların yaşadığı ev problemli olduğundan razılaşma alınmayıb. Ev sakinin sözlərinə görə, qonşularına yeni tikiləcək binadan ev veriləcək, onlara isə yox. Belə ki, onların yaşadığı ev Zülfiyyə Hüseynovanın adına olduğundan MMC müqaviləni onunla bağlayıb.
Məsələ ilə bağlı Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Nəsimi rayonu sektorunun müdiri Bəyverdi Novruzovla əlaqə saxladıq.
Lent.az-a açıqlama verən B.Novruzov deyib ki, Nizami Bəxtiyarov və ailəsinə ev verilməməsi ilə bağlı deyilənlər həqiqət deyil: “Həmin ailə dəfələrlə qəbulumda olub. Müzakirələr aparmışıq. Onların hazırda yaşadığı mənzil qanuni olaraq Zülfiyyə Hüseynovanın adınadır və mənzilin sahibi mülkünü inzibati qaydada, Ali Məhkəmənin  çıxardığı qətnaməyə əsasən geri almaq istəyir. Lakin dövlət başçısının müvafiq fərmanına əsasən, qətnamənin icrası işğal altında olan torpaqlar azad olunana kimi dayandırılıb. Ailə deyir ki, onların yaşadığı ev Zülfiyyə Hüseynovanın adına olduğundan MMC müqaviləni onunla bağlayıb və yeni tikilən binadan həmin xanıma ev veriləcək, onlara deyil. Ancaq məsələ belə deyil. Zülfiyyə xanımla onun qızına məxsus olan mənzillə əlaqədar müqavilə bağlanıb. Zülfiyyə xanımın iki evi var. Birində qızı yaşayır, digərində bu ailə. 
Həmin ərazidə yerləşən mənzillərin hamısı pilot layihə hesabına köçürülür. Sökülən evlərin yerində “Pilot Həyat” MMC çoxmərtəbəli bina tikəcək. Mənzil sahibləri 20 ay ərzində kirayədə qalacaqlar. Kirayə ödənişləri isə həmin şirkət tərəfindən təmin ediləcək. Sakinlər bina tikintisi yekunlaşdıqdan sonra geri qayıdacaqlar”.
B.Novruzov qeyd edib ki, Nizami Bəxtiyarovun ailəsinə də yeni tikilən binadan ev veriləcək: “Ailə indi 100 kvadratmetr mənzildə qalırdısa, daha geniş, 120 kvadratmetr və təmirli mənzilə qayıdacaqlar. Ağdam işğaldan azad olunana kimi Nizami, ailəsi və onlarla birgə qalan digər ailələr həmin evdə yaşayacaqlar. Onlar öz torpaqlarına köçəndən sonra evin yiyəsi mülkünə sahib çıxa biləcək. Bundan başqa, yeni tikiləcək mənzilin təmir-dizayn işlərində də Nizaminin fikirləri nəzərə alınacaq, Zülfiyyə xanımın yox”.
Qurum rəsmisi bildirib ki, o mənzildə yaşayan ailələrlə pilot layihəni icra edəcək şirkət arasında kirayə məsələsi ilə bağlı müqavilə imzalanmalıdır, amma ailə işləri yubadır: “Belə etməklə sadəcə firmanın işini 1 ay ləngidə bilərlər. Onlar onsuz da o evdən çıxarılacaqlar. Ya xoşluqla, ya da məhkəmə yolu ilə. Evin sahibi olan Zülfiyyə xanımla müqavilə imzalanıb ki, bəs həmin məcburi köçkünlər gedəcək kirayəyə və tikinti yekunlaşdıqdan sonra yenidən bu evə qayıdacaqlar. Müqavilə möhürlənəcək və ailə üçün hesab açılacaq, hər ay kirayə pulu onlarına hesabına köçürüləcək. Təmirdən sonra onların qaytarılıb həmin evə yerləşdirilməsinə də  zəmanət verilir. Yəni, sabah Zülfiyyə xanım etiraz edə bilməz ki, mən qoymuram, mənim evimə gəlsinlər. Belə şey olmaz. Bunlar hamısı qabaqcadan nəzərə alınır. Zülfiyə xanım burda ancaq mülkiyyətin yiyəsidir. O, yalnız həmin ailə Ağdama gedəndən sonra gəlib evinə yiyə çıxacaq”.
B.Novruzov onu da vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın tapşırığına əsasən qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış mənzillərinin tikintisinə başlanılıb və bu layihə yekunlaşmadan o tikintilər başa çatsa, hər iki ailənin hər biri ayrılıqda 3 otaqlı mənzillə təmin ediləcək: “Mən bununla bağlı onlara köməklik edəcəyimə dair söz vermişəm”.
Qaynar.Az