
Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 66.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Etibar oğlu Məmmədovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən ona məxsus çantanın gizli saxlanc yerindən 6 ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 ədəd elektrik qidalandırıcısı, 1 ədəd elektrik qidalandırıcısının kəsilmiş hissəsi və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Həmçinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1953-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gəncəli Ağakişi oğlu Allahverənovun yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş Elmira Rüstəm qızı Allahverənovanın əl çantasına baxış keçirilən zaman 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” nömrə kartı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırmalar aparılır.