"Cümşüd Nuriyev (...)1992-ci illərdə namusla vətənini döyüşlərə atılaraq qoruyan Azərbaycan Qadınına dil uzadıb”.
Qaynarinfo xəbər verir ki, bu sözləri öz Feysbuk hesabında Daxili Qoşunların keçmiş komandiri Fəhmin Hacıyev Cümşüd Nuriyevin AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etməsinə münasibət bildirən statusunda qeyd edib.
Xatırladaq ki, C. Nuriyev bunları deyib: ”O zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadın var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.
Keçmiş komandir Cümşüd Nuriyevi çox sərt dillə tənqid edib. (Ağır sözləri nöqtələrlə əvəz edirik.)
"(...) o həddə catlb ki, döyüşçü ana və bacılarımıza böhtan atmağa cəsarət tapıb. Ay (...), haqqında hədyan yağdırdığın qadınlar səndən və sənin kimilərdən milyon dəfə namuslu və vicdanlıdırlar. İdi isə diqqətlə oxu, (...) başını işlət və anla ki, 1992-ci ildə insanlar vətən üçün necə canlarından keçməyə hazır idilər.
Gördüyün şəkillərdəki XANIMLAR 1992-ci ildə Daxili Qoşunlarda xidmətə başlamış çox sayda qadınların bir hissəsidir. Şəkillər təlim mərkəzində çıkilibdir. Bir neçəsinin həyat yoldaşları da hərbçi idilər və DQ da döyüş bölgələrində xidmət edirdilər. Bəziləri polkovnik rütbəsinə qədər yüksəldilər. Onların qarşısında baş əymək əvəzinə, (...) böhtan atırsan.
Bilgin olsun ki, sən (...) axtaranda, bu bacılarımız döyüşlərə atılmağa hazır idilər. Komandanı olduğum DQ-yə demək olar, hər gün müraciətlər olurdu. Mən də, qanunları pozmadan xidmətə qəbull yollarını tapmışdım. İşə götürüdük, qərargahda kiçik görəvlərə təyin edirdik. Bundan sonra ilkin hərbi təlim keçirdilər. Mümkün qədər döyüş bolgəsinə getmələrinə mane olurduq. Çox inad edənləri də döyüş bölgələrində olan h/h qərərgahlarında görəvləndirirdik. Bütün çabalarımıza baxmayaraq, döyüşə girənlər də olurdu. Vətən, millət sevgisi olan yerdə isə cinsiyyət olmaz”, - Hacıyev qeyd edib.
Keşmiş DQ komandiri başqa bir statusunda yeni şəkillər paylaşaraq yazıb:
"Bəzi (...) şəxslərin menyüsünə: şəklə diqqətlə baxın. Şəkildə gördüyünüz kişilərin çoxunu tanıyırsınız. Şəkildə bir bacmız, Azərbaycanın hərbçi qadını da var. Özü Lənkərandan Məhəbbət Əhmədova, həyat yoldaşı Kürdəmirdən idi, polkovnik Akif Əhmədov. A.Əhmədov Rusiyanın böyük vədlərinə, rus xanımının etirazlarına məhəl qoymayaraq, hər şeyini və rus ailəsini ataraq, vətən müdafiəsinə gəlmişdi. Məhəbbət xanım da gənc ikən anasını itirdiyindən özündən kiçik bacı və qardaşını böyütmək üçün hər cür əziyyətə sinə gərmişdi. Vətən müharibəsi başlayanda isə bacı və qardaşına "siz artıq böyüdünüz, indi vətən dardadır, mən orduya gedirəm” deyərək Daxili Qoşunlara gəlmişdi. Ali təhdilli idi. Bütün qadın hərbçilərimiz kimi, Məhəbbət xanım da döyüşlərə atılmağa can atırdı.
Bir dəfə mən döyüş bölgəsinə gedəndə elə yanğı ilə ağlayıb yalvardı ki, heyətlə bəradər Ağdama aparmalı oldum. Orada mən səngərləri gəzməyi planlaşdırırdım. Hər an atəşə məruz qala bilərdik. Bütün təhlükəyə baxmayaraq, Məhəbbət xanım bizimlə bərabər 1659 yüksəkliyinə qalxdı.
İndi mənə deyin, küçədə qalan (...) onlardır, yoxsa döyüşcü qadınlar?”
Millət vəkili Fazil Qəzənfəroğlu isə qafqazinfo-ya açıqlamasında qeyd edib ki, qadınların cəbhə xəttinə getməsində təşkilatçılıqla bağlı müəyyən nöqsanlar ola bilər:
"Amma bütövlükdə bu təşəbbüsü təhqir etmək yolverilməzdir. Çünki Vətən üçün mübarizədə qadınların da hansısa formada bu prosesə qoşulması normal bir tendensiyadır. Buna görə onları təhqir etmək doğru deyil. Bütün hallarda prosesdə iştirak etmiş qadınlar Cümşüd Nuriyevə cavab versələr, daha yaxşı olar. Çünki onlara birbaşa ittiham səsləndirilib. Ümumi şəkildə hamını əxlaqsız adlandırmaq heç bir mənəvi ölçülərə sığmır. Məncə, bu qədər həddini aşan ifadələri televiziya ekranından işlətmək, Xalq Cəbhəsi anlamı ilə bu məsələyə yanaşmaq kökündən yanlışdır. Çünki hər bir insanın öz şəxsiyyəti, qüruru var. Ora gedən qadınların əksəriyyəti ləyaqətli, şərəfli insanlardır. Bunlar neyləyiblər ki? Gedib ticarət ediblər, ya hansı qeyri-əxlaqi hərəkət ediblər?! Gediblər Qarabağda kişilərlə həmrəy olduqlarını göstəriblər. Bunu bütün qadınlara şamil etmək yolverilməzdir və həqiqətən də ciddi bir təhqirdir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələ ilə bağlı danışıb: "Bu, tamamilə yanlışdır. Deyəsən, bu Cümşüd Nuriyev bilmir ki, nəylə gündəmə gəlsin. O, deyəsən, psixoloji, ruhu problemlə yaşayır. O sözü demək üçün çox səviyyəsiz adam olmaq olardı. Həmin dövrdə qadın batalyonun yaranması ilə bağlı məlumatım da var. O demək deyil ki, kişilər vuruşmurdu. Sadəcə qadınlar da istəyirdilər ki, yararlı olsunlar. Əllərinə silah alsınlar. Qadın batalyonun tərkibində, həmçinin ondan da kənarda yüzlərlə azərbaycanlı qadın döyüşə gedirdilər. Ən çox da Ağdam, Füzuli istiqamətində qadınlar gedib döyüşürdülər. Onların içərisində qəhrəmanlıq göstərənlər, şəhid olanlar, Milli Qəhrəmanlar da var.
Yəni, Cümşüd Nuriyev bunları görmürsə, ağzına gələni danışırsa, bu adamın fikrinə heç münasibət bildirməyə dəyməz. Birmənalı şəkildə, bu insanlar cəmiyyətdə sərt qınağa tuş gəlməlidirlər. "Ayıb olsun” şəklində münasibət bildirilməlidir”.