Oktyabrın 12-də Qadın və Uşaq Akademiyası İctimai Birliyi tərəfindən Bakı QHT Resurs və Təlim Mərkəzində cəmiyyət üçün mühüm mövzulardan birinə həsr olunmuş seminar təşkil edilib. "Qadın-kişi münasibətlərinin ailənin salam formalamasında rolu" mövzusunda keçirilən seminara Birliyin sədri moderatorluq edib.
İki saat davam edən seminar zamanı həkim, tibb üzrə fəlsəfə doktoru və ictimai aktivist Vasif İsmayılla birlikdə ictimai dəyərlər, ailə münasibətlərində qadın və kişinin birlikdə inkişaf etməsinin faydaları, valideyn-övlad arasında sağlam ünsiyyətin əhəmiyyəti, ailə münaqişələrinin həlli yolları və cəmiyyətdə aqressiyanın səbəbləri kimi geniş mövzular müzakirə edilib.
Seminarda Vasif İsmayıl, ailə münasibətlərində harmoniya yaratmağın yollarından bəhs edərək, qadın və kişinin birgə səylərinin cəmiyyətin inkişafına necə müsbət təsir etdiyini vurğulayıb O qeyd edib ki, qarşıdurmaların əsas səbəbi insanların bir-birinə qarşı empatiya və anlayış çatışmazlığıdır:
"Sağlam ünsiyyətin, qarşılıqlı anlayışın və dəyərlərin paylaşılmasının olmadığı yerdə, problemlər qaçılmaz olur. Hər bir ailə üzvünün öz yerini və rolunu düzgün anlaması ailə münaqişələrinin qarşısını ala bilər".
Seminar zamanı iştirakçılar yalnız dinləməklə kifayətlənməyib, mövzularla bağlı öz fikirlərini bölüşüb və fəal şəkildə suallar ünvanlayıblar. Xüsusilə ailədaxili münaqişələrin səbəbləri, bu münaqişələrin qarşısını almağın praktik yolları, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və sosial təzyiqlərin azaldılması kimi məsələlər üzrə Vasif İsmayılla maraqlı fikir mübadiləsi aparılıb.
Seminarda iştirak edən gənclər vurğulayıblar ki, bu cür tədbirlər onların ailə və cəmiyyət həyatında qarşılaşdıqları məsələlərə yeni baxış bucağı qazandırır.
Qadın və Uşaq Akademiyası İctimai Birliyi bu kimi maarifləndirici seminarların davam etdirilməsini və daha geniş auditoriyaları əhatə etməyi planlaşdırır.