Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.
Qaynarinfo xəbər verir ki, faktı "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.
Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.
"Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm", - deyə Q.Salahzadə bildirib.
Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.
Şərhlər