Xəbər lenti

Qalmaqallı hostelin sahibi danışdı: "Qonşu qadın ərinin turist qadınlarla..." - FOTOLAR
Ölkə17:33 13.04.2017

Qalmaqallı hostelin sahibi danışdı: "Qonşu qadın ərinin turist qadınlarla..." - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə dövlət məmurlarından birinin hostellər barədə açıqlaması böyük ajiotaja yol açdı. Həmin məmurun “Hostellər mentalitetimizə uyğun deyil” fikrini həm dəstəkləyənlər, həm də dəstəkləməyənlər oldu.

Məsələnin qaranlıq məqamlarını öyrənmək üçün adı hallanan “Freedom” hostelə yollandıq. Adını yerləşdiyi Azadlıq prospekti 18 ünvanından götürən hostelin binasına giriş şifrəli olduğu üçün əvvəlcə reportajın baş tutmayacağını düşündük. Daha sonra binanın ikinci mərtəbəsinin balkonunda gənc oğlanların nələrsə düzəltdiyini görüb, kömək istədik.

Sən demə, bizə kömək edən, binaya daxil olmağımıza imkan yaradan şəxs, elə adı qalmaqalda hallanan hostelin sahibi Cəmiddin Murtuzayev imiş. Binaya daxil olduqdan sonra ikinci mərtəbəyə qalxdıq. Qapını döymədən onu üzümüzə açıb, bizi səmimiyyətlə qarşılayan C.Murtuzayev bütün suallarımızı cavablayıb, daha sonra bizi hostellə tanış etdi. Beş gün bağlı qaldığı üçün hosteldə müştəri yox idi.

Məkanın sahibi özünü təqdim etdikdən sonra məsələni bizə danışdı. O, qonşulardan icazə kağızı aldığını bildirdi: “Yaşayş binasındakı bir nəfərdən başqa bütün qonşular bizə razılıq verib. Bu bir nəfər fərqli qurumlara şikayət yazıb. Daha sonra Artur Rasızadəyə kollektiv şikayət ərizəsi yollayıb. Həmin kollektiv şikayət ərizəsinin sonunda həmin qonşu və onun oğlu imza çəkib, başqa heç kim... Bu şəxsin bir neçə qonşu ilə məhkəməsi var. Şikayət etməklə məşğuldur. Binanın ətrafındakı obyektlərdən də şikayət edib. Hamı onu yaxşı tanıyır, elə polislər də... Lakin başa düşmədim ki, niyə bu cür reaksiya verildi. Altı gün öncə bu məsələ oldu, dünən isə dedilər ki, iş məhkəməyə aparılacaq. Bu gündən artıq biz də hosteli açıb, davam etmək istəyirik.

Booking.com-da 35 rəy var. Demək olar ki, onun 32-si 10 baldı. Şərhlərdə yazılıb ki, “ən yaxşı hosteldir” digəri yazıb ki, “belə bir ev istəyirəm” və s. Polislər buraya gələn gün bizim amerikalı qonağımız vardı. O, özü bizi başa düşdü və “sabah hosteldən ayrılaram” dedi. Hətta o belə, bizim üçün əla xidmət yazıb, yüksək bal vermişdi”.

Biz hosteli gəzərkən onu da müşahidə etdik ki, burada ailələrin qalması üçün ayrıca otaq var. Hətta təkcə qadınların qala biləcəyi otaq da nəzərə alınıb: “Biz üç aydır, fəaliyyət göstəririk. Elə əvvəldən həmin qonşu bizə deyirdi ki, nə olursa-olsun, mən burda hostel açılmasına izn verməyəcəm. Biz ağsaqqal da dəvət etdik ki, onunla danışıb, yola gətirsin. Lakin o, dayanmadan yalan məlumatlar verir. Guya hostel əxlaqsızlıq yuvasıdır, guya burda terroristlər qalır, Suriyadan gələnlər burada qalır. Guya hostelə gələn qonaqlar qapını səhv salır və onun qapısını döyürlər. Həmin xanım bir gün mənə dedi ki, mən istəmirəm, mənim həyat yoldaşım bura gələn xarici turist qadınlarla rastlaşsın”.

Hosteldə qonaqların istirahəti üçün otaq var. Həmin otaqda piano, kitablar, rahat oturacaqlar qoyulub. Divarlardakı maarifləndirici yazılar da gözümüzdən yayınmadı. Hətta ölkə başçısının çıxışlarından bəzi hissələri çıxarıb, hostelin müəyyən köşələrinə yerləşdiriblər.

Müsahibimiz daha sonra bunları dedi: “Biz hosteli açanda hər şey qaydasında idi. Elə indi də hər şey qaydasındadır, yoxlanışlar keçirilib. Mədəniyyət və Turizm Nazirliyi mətbuat konfransı keçirib sənədlərdə heç bir problem olmadığını deyib. Vergilər Nazirliyi də həmin sözləri deyib. Bir dəfə Fövqəladə Hallar Nazirliyinə də şikayət etmişdi. Onlar da gəlib baxdılar ki, heç bir problem yoxdur. Hosteldə yanğın sistemi də qoşulub. Bu, əslində məcburi deyil, amma özümüz etmişik. FHN hostellərə lisenziya vermir. Lakin mən açılışdan öncə onların əməkdaşlarını dəvət etmişəm. Onların tövsiyələrinə qulaq asmışam. Yanğın söndürən balonlar, arxa qapını yanğın zamanı çıxış kimi istifadə etmək və s”.

Sonda C.Murtuzayev məhkəmənin hostelin bağlanmasına dair qərar alacağını düşünmədiyini bildirdi.

Şəhərimizin qonağı olan isveçrəli jurnalist Aleksandra Starkdan nə üçün hostelə üstünlük verdiyini soruşduq. O, bizə açıqlamasında bildirdi ki, hostellər daha səmimidir və mədəniyyətlər əlaqəsi baxımından yaxşıdır: “Mən hər zaman hostel seçirəm. Siz fikir versəniz, dünyanın hər yerində otellərin biri-birinə bənzədiyini görərsiniz. Mən çox sıxılıram. Bu, darıxıdırıcıdır. Lakin hostellər belə deyil. Mədəniyyətlərin yaxınlaşması, bölüşülməsi baxımından hostellər daha uyğundur. Qeyd etməliyəm ki, hostellər otellərdən daha ucuz və sadədir. Məsələn, mənim otağım var, lakin mən hamam otağını bir ailə ilə bölüşürəm. Ortaq istifadə edirik”.

A.Stark bizə qaldığı hosteldəki yataq otağını göstərib, oteldən fərqini izah etdi: “İstər Dubay olsun, istərsə də Nyu-York - bütün ölkələrdə otellər biri-birinə bənzəyir. Yuxudan durub eyni tip yatağı görürəm. Lakin mənim Azərbaycanda qaldığım hostelin yataq otağına baxın, necə də fərqlidir. Bunu otellərdə görmək mümkün deyil”.

İsveçrəli jurnalistin qaldığı hosteldəki yataq otağının örtüyü naxışlı və rəngli idi. Yatağın ətrafında fərqli dekorasiyalar və suvenirlər vardı. Bu, qonağın zövqünü oxşayıb. Biz ona bildirdik ki, nazirlik rəsmisi açıqlama verib və hostellərin mentalitetimizə uyğun olmadığını deyib.

A.Starkın cavabı olduqca maraqlı idi: “Bu məsələ böyük sual doğurur. Axı, mən turistəm. Turistlər fərqli yerlərdən gəlib və onlar fərqli davranırlar. Lakin onlara demək lazımdır ki, siz turistsiz. Hosteldə özünüzü evinizdəki kimi aparmayın. Burada fərqli insanlar var. İsveçrədə otellərdə belə bir halın şahidi olmuşam ki, insanlar yediklərindən artıq yemək götürür, lakin onları yeyə bilmir və özləri ilə aparır. Bu, düzgün davranış qaydası deyil. Bu, mənim Azərbaycana ikinci gəlişimdir. Birinci dəfə 15 il öncə gəlmişdim. Çox şey dəyişib. Buranın insanları və yeməkləri əladır”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, onlar bizim telefon zənglərimizə cavab vermədilər. Maraqlısı da odur ki, bir qonşunun dayanmadan hostel barəsində verdiyi şikayəti və nazirliyin mentalitetimizə bağladığı bu məsələyə əlaqə saxladığımız sosioloqlar da şərh verməkdən boyun qaçırdılar.

İqtisadi ekspert Natiq Cəfərli isə sualımızı cavabsız qoymadı. O, bizə bildirdi ki, hostellərin fəaliyyətinin mental dəyərlərlə uyğunlaşdırmaq doğru deyil: “Dünyanın bütün yerlərində hostellər fəaliyyət göstərir. Bəlli qaydalar qoymaq olardı - qadınlarla kişilərin ayrı otaqlarda qalması və sair kimi, lakin bu da məntiqli deyil. Bütün gün boyu şəhəri gəzən turist gecə yatmaq üçün təmiz yer axtarır. Və büdcəyə də ən münasib olanı hosteldir. İndi tursitlər otellərə böyük məbləğdə pullar xərcləmək istəmir. Biz əgər turizmin inkişaf etməsini istəyiriksə, bu, Azərbaycanda böyük şəbəkə halına gəlməlidir. Bunun hər hansı mental dəyərlərlə, milli dəyərlərlə yaxından-uzaqdan əlaqəsi yoxdur. İqtisadiyyatın, biznesin milliyəti olmur. Biznes qazanc, gəlir düşünür, vergisini verərək, qanuni işləyir. Qonşu Gürcüstanda 1500-ə yaxın hostel fəaliyyət göstərir. Bu da onların turizimində önəmli rol oynadı. Son dövrlərdə Gürcüstana turist axının artması, 6 milyon turist qəbul etmələrinin əsas səbəblərindən biri də hostel şəbəkəsinin yayılması oldu. Azərbaycanda isə əks bir yol tutdular. Bahalı otellər tikildi. Bunlar da bir seqment kimi vacibdir, lakin dediyim kimi, müasir turist bir gecəyə, bir neçə saat yatmağa külli miqdarda pul xərcləmək istəmir. Hostellər bu baxımdan vacibdir. Bunu heç bir ölçü ekvivalenti olmayan dəyərlərə bağlayaraq, icazə verilməməsi və bunun məhkəmə qərarı olmadan həyata keçirilməsi, əslində pis addımdır. Bu hal Azərbaycanda yatırım etmək istəyənlərə mane ola biləcək bir addımdır”.

Dünya miqyasında 2 milyondan çox və 1 avrodan 120 avroya qədər aralıqda dəyişən qiymətlərdə hostellər tapmaq mümkündür. Hostellər haqqında ümumiləşdirici söz demək çətindir. Çünki fərqli dizaynlara və qaydalara uyğun hostellər mövcuddur. Bəzilərində yaş limiti olur, bəziləri isə çox irəliyə gedib, sauna və hovuz şəraiti yaradıb. Lakin ümumilikdə deyə bilərik ki, hostellər səmimi atmosferi ilə dostluqlara qapı açır, mədəniyyətlərarası ünsiyyətə şərait yaradır.

Qaynar.Az

Mənbə:Musavat.com