Qalmaqallı icra nümayəndəsi yenə işdən qovulub. Axar.az-a daxil olan xəbərdə qeyd olunur ki, paytaxtın Balaxanı qəsəbəsinin icra nümayəndəsi Fərhad Qurbanov vəzifəsindən kənarlaşdırılıb.
İcra nümayəndəsindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə olunan şikayət əsasında F.Qurbanov işindən uzaqlaşdırılıb. Ona cinayət işi açılacağı gözlənilir.
Məlumata görə, icra nümayəndəsi vətəndaşa aid torpaq sahəsini başqasına satmaqda ittiham olunur.
Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir ay müddətinə uzaqlaşdırmışdı. Buna səbəb başçı ilə görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu. Lakin fakt təsdiqini tapmadığından icra nümayəndəsi yenidən vəzifəsinə bərpa edilmişdi. İcra başçısı o zaman bu qərarına belə izah vermişdi: "Qəsəbənin 200 nəfərlik nümayəndəsi ilə iclas keçirdik, onlardan 184 nəfəri Fərhad Qurbanovun qüsurlarını aradan qaldırdığını və onun yenidən işə bərpasına etiraz etmədiklərini deyib. Mən Balaxanıda böyük işlərin görüləcəyini bildirmişəm, sözümün də arxasındayam. Çünki orada böyük müəssisələrin tikilməsi və qəsəbə sakinləri üçün yeni iş yerlərinin açılması üçün çalışırıq".
Qaynar.info