Xəbər lenti

“Qara şəhər” sakinləri meriyaya yürüş etdilər -FOTOLAR
Ölkə11:23 25.07.2013

“Qara şəhər” sakinləri meriyaya yürüş etdilər -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün “Qara şəhər” sakinləri Bakı Şəhər İcra Hakimiyyəti önündə aksiya keçirdilər.

Sakinlərin növbəti aksiyasına səbəb evlərinin sökülməsinə görə aldıqları kompensasiyanın azlığıdır.

Aksiya iştirakçıları Bizimyol.info-a bildirdilər ki, Xətai rayonu Fəhlə prospekti Turşulu küçəsində yüzlərlə ev qanunsuz olaraq sökülür. “Ağ şəhər” layihəsinə görə yüzlərlə evin söküntüsünə başlanılıb. Xətai Rayon İcra Hakimiyyəti polis gücünə sakinləri evlərindən çıxarır.

Sakinlər bildirirlər ki, mənzillərin hər kvadratına 750-1000 manat verirlər: "Bu məbləğə biz haradan ev ala bilərik?".
“Qara şəhər” sakinləri bildirirlər ki, Prezident sərəncam verib ki, dövlət layihələri zamanı köçürülən sakinlərə mənzillərinin hər kvadratına görə 1500 manat ödənilsin. Amma onlara bu məbləğ ödənilmir.

Aksiya iştirakçılarının nümayəndələri bildirdilər ki, onları meriyadan heç kim qəbul etməyib: "Qəbula buraxmırlar. Deyirlər ki, Hacıbala müəllim hələ fikirləşir, sonra qəbul eliyəcəyik".

Daha sonra sakinlər yolu bağlamağa cəhd etsə də, polis buna imkan vermədi. 150-ə yaxın aksiyaçı Prezident Administrasiyasının binasına doğru yürüş etdi. PA-da qəbulda olan şəxsləri yenidən Xətai Rayon İcra Hakimiyyətinə göndərdilər.

Onu da qeyd edək ki, aksiya zamanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev və Kanal13 internet televiziyasının əməkdaşı Hüseyn Əzizoğlu polis tərəfində saxlanılıb. Jurnalistlərin videokameraları əllərindən alınıb və çəkdikləri videolar silindikdən sonra onlara geri qaytarılıb.

Xatırladaq ki, sahəsi 221 hektar olan “Ağ şəhər” layihəsi üzrə yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulub. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, “Ağ şəhər”in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Həmçinin su nəqliyyatından istifadə edilməsi üçün bulvar xətti boyu dəniz yolunun salınması da planlaşdırılıb.

Qaynar.info