Xəbər lenti

Qarabağ əlilliyi dramı
Ölkə14:23 04.03.2016

Qarabağ əlilliyi dramı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanımış vəkil Yalçın İmanov Qarabağ müharibəsi iştirakçısı Fariz İmanovun dövlət qrumları tərəfindən başına gətirilən hadisədən yazıb.

Qaynar.info vəkilin sosial şəbəkədə yazdığı həmin statusu təqdim edir: 

Əmim oğlu Qarabağ müharibəsi iştirakçısıdır. Fariz İmanov. Doğmam olduğuna görə demirəm, Ağdam-Ağdərə cəbhəsi istiqamətində gedən döyüşlərdə ayaq qoymadığı yer qalmayıb. 1992-ci ilin avqustunda Ağdərə rayonunun Qazançı kəndində gedən döyüş əməliyyatlarında minaya düşüb, sol ayağından yaralanıb. Həmin vaxt Ağdam rayonunun Sarıcalı kəndində hərbi hospitalda cərrahiyyə əməliyyatına mərruz qalıb. Bədənindəki qəlpələrdən bəziləri çıxarılıb, bəziləri hələ də qalır. Müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb, hərbi əməliyyatlarda iştirak edib.

Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən ona “sol budun yuxarı 1/3 hissəsində ön-arxa səthinin qəlpə yaraları” diaqnozu qoyulub, bunun hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilib.

Atəşkəsdən sonra Daxili Qoşunların Gəncədəki hissəsində gizir olub. Daha sonra işsizlik illəri. İndi fəhləlik edir, iş olanda tikinti işlərində çalışır.

Təxminən 2010-cu illərdə bədbəxtlikdən ya nədən bilmirəm, əmim oğlunda Qarabağ müharibəsi əlili dərəcəsi almaq həvəsi yarandı. Ona təklif edilən ən qısa və effektiv yoldan imtina elədi. Yəqin qüruruna toxundu...Ki, axı mən döyüşmüşəm!

Uzun və mürəkkəb hüquqi prosedurlara başladıq. Əvvəl “Forma 88” almaq əzabı, sonra xəstəxanalarda müayinə və müalicələr. Nəsə, bütün sənədləri toplayandan sonra 23 saylı Tibbi Sosial Ekspert Komissiyasına (el arasında “VTEK”) müraciət elədik. Onlarsa sənədləri Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə göndərdilər. Üstündən aylar keçdi, uzun-uzadı get-gəllərdən, müraciətlərdən sonra nəhayət ki, Mərkəzdə Farizi qəbul edib, guya müayinə elədilər və dərhal da “sənə əlillik düşmür” dedilər.

Əilliyin təyin olunmasından imtina cavabını aylarla yazışmalar nəticəsində belə ala bilmədik. Yalnız inadlı cəhdlərimiz nəticəsində bizə 14 noyabr 2014-cü il tarixli bir nəktub verildi. Kİ, sizin müayinələrin nəticəsi aldığınız travmanın ağırlığına, fəsadların əlillik dərəcəsinə əsas vermədiyindən əlillik təyin olunmur.

Məktub-qərardan məhkəməyə şikayət verdim. Uzun müddətli məhkəmə aidiyyəti oyunları başladı. Əvvəl 1 saylı, sonra 2 saylı inzibati məhkəmə, daha sonra Bakı Apellyasiya Məhkəməsi qərar verdi ki, iş-iddia rayona göndərilməlidir. Nəhayət, iş gedib çıxdı Şəki İnzibati-İqtisadi Məhkəməyə...

Kor tale. Neyləmək olardı, iki əmi oğlu düşdük Şəkinin “gözəl” yollarına. “VTEK” nümayəndələri bir neçə dəfə məhkəməyə gəlmədilər. Təsəvvür edin, dəfələrlə burdan basa–basa gedib çıxırsan Şəkiyə, amma məhkəmə olmur, səbəb cavabdehin məhkəməni saymamasıdır, nümayəndəsini prosesə yollamamasıdır. Nəhayət, məhkəmə özü də hövsələdən çıxdı və “VTEK”i 80 manat cərimələdi. Uzun-uzadı təxirə salmalardan, məhkəmlərədən sonra məhkəmə 25 oktyabr 2015-ci ildə qərar verdi ki, bəs Tibbi Sosial Ekspertiza Mərkəzinin 14.11.2014-cü il tarixli 1527 saylı məktubu ilə bağlı hərəkəti qanunsuz hesab edilsin, onun üzərinə əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun əlillik dərəcəsinin təyin və ya rədd edilməsi öhdəliyi qoyulsun. Sadə dillə desək, əmim oğlu təzədən müayinə olunmalıdır. Qərardan şikayət verilmədi və qərar qüvvəsini aldı. İndi qaldı yenidən müayinə. Bu arada “VTEK” adını dəyişib, Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzi oldu. Təbii ki dəyişən yalnız ad oldu. Məhkəmə qərarının icrasını bu quruma icra elətdirmək məşəqqətə çevrildi. Qərarı çıxarmış məhkəməylə və paralel Mərkəzlə uzun-uzadı yazışmalar erası başlandı.

Nəhayət, günlərtin birində Şəki İnzibati–İqtisadi Məhkəməsində işə baxan hakim Mərkəzə qəzəbli bir tonda məktub yazdı, dövlətin adından çıxarılan qərarın icarsının hamının vəzifəsi olduğunu, məhkəmə aktının hər hansı əsasla icra edilməməsinin yolverilməz olduğunu izah etdi. Nəsə, başınızı nə ağrıdım! Bizim də uzun-uzadı müraciətlərimizdən sonra bu gün, martın 3-də Farizin yenidən müayinəsi baş tutdu. Amma kaş baş tutmayaydı.

Əvvəlcə bür müşahidəmi deyim ki, Mərkəzin dəhlizlərində açıq, heç bir komplekssiz sövdələşmələr gedir.

Əmi oğlunun EKQ, UZİ müyinələrindən sonra onun qəlpəli ayağına komissiya baxış keçirdi və...ağ xalatın altından qabarıq qol tükləri hiss olunan, görünüşündən daha çox qəssabı xatırladan ahıl yaşlı ekspert qəfildən qəzəblə dilləndi: “Bunun nəyi var axı, qəlpədi də, bunun ayağı dizdən aşağı kəsilməlidi ki, buna 3-cü qrup verək...”

Əmioğlu hirslə qışqırdı, mən qəfil pərt oldum. Durub aşağı düşdük, bu müddətdə, nə yorucu sənəd toplanışı işində, nə uzun, narahat Şəki yollarında heç vaxt onu ümidsiz görməmişdim. Yanakı gözlərinə baxdım, gözündəki işıq sönmüşdü, sifəti əyilib əcaib bir hala düşmüşdü. Tam ümidsizlik, yaşadığı, uğrunda canını, sağlamlığını qoyduğu ölkənin xalis həqiqət anı...

Heç bilmirəm, indi nə edəcəm, güman ki, ilk işim onu təzədən məhkəmələrə müraciət eləməyə inandırmaq və həvəsləndirmək olacaq. Amma orasını da bilirəm ki, çətin olacaq. Bu gün elə “nə mənası var” dedi.

Bunları yazmağımın bir mənası var. Hər gün, hər an hansı idarəçilik altında yaşadığımızın fərqinə varmaq, hər gün, hər an bizləri hansı ağıl sahiblərinin, hansı qəssabların idarə eləməsini dərk etmək. Düşünəyin. Hər səhər evimizdən çıxıb, işimizə gələndə, hər axşam işimizdən çıxıb evlərimizə dönəndə, doğmalarımızın, dostlarımızın, əzizlərimizin gözlərinə baxanda...

Qaynar.info