2017-ci ilin mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ermənilərə məxfi məlumat ötürən bir qrup hərbçi və mülki şəxsin həbs edildiyi ilə bağlı birgə bəyanat yaydı. Düşmənlə mübarizə aparmalı olan şəxslərin düşmənlə əməkdaşlığı ilə bağlı məlumat cəmiyyətdə ciddi rezonansa səbəb oldu.
Məlum olayla bağlı əlaqədar hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində ermənilərin əməkdaşlığa cəlb etdiyi bildirilən şəxslər məsuliyyətə cəlb olundu.
Bu günlərdə, məlum hadisənin iki illiyi ərəfəsində sosial şəbəkələrdə həbs edilən bəzi hərbi qulluqçuların yaxınları onların bağışlanması, cəzalarının yüngülləşdirilməsi ilə bağlı fikirlərlə çıxış edir, bəzi hallarda aparılan istintaq işinin obyektivliyini şübhə altına alırlar.
Moderator.az saytının xəbərinə görə, bu fikirləri etirazla qarşılayan Azərbaycan Qarabağ Müharibəsi Əliləri, Veteranları və Şəhid Alilələri İctimai Birliyinin bir qrup üzvü sosial şəbəkələrdə videoalar paylaşaraq əlaqədar qurumlardan vətənə xəyanət maddəsi ilə təqsirləndirilən şəxslərin layiqli şəkildə cəzalandırılması xahişi ilə çıxış edib, onlara qarşı hər hansı güzəşt və bağışlanmanın yolverilməz olduğunu vurğulayıblar.
Məlum videolarda diqqət çəkən maraqlı məqamlardan biri də, vətənə xəyanətdə təqsirləndirilən şəxslərin layiqli şəkildə cəzalandırılmasını tələb edən insanlar arasında ilkin istintaq prosesinə cəlb edilən, təqsirsizliyi istintaq yolu ilə sübut edilən hərbi qulluqçuların da olmasıdır.
Sayt sosial şəbəkələrdəki bəzi video müraciətləri oxuculara təqdim edib.