
Qarabağ savaşının iştirakçısı, əlili ziyalını tutdura bilməz. Əgər o, əsl Döyüşçüdürsə... Qarabağ qazisi kimliyindən asılı olmayaraq heç kimin əlində alətə çevrilə bilməz. Əgər o, həqiqi Qazidirsə... Vay o gündən ki, hansısa yollarla döyüşçü adını almış birisi, hərgah birinci Qarabağ savaşının iştirakçıları onu elə də tanımırlar, çox qısa bir müddətdə tanınmış bir ziyalını dəmir barmaqlıqlar arasına saldıra.
Özü də, bu hadisə haradasa uzaq bir dağ kəndində deyil, Lənkəran kimi böyük bir şəhərdə baş verir. Yəqin ki, söhbətin bir neçə gün əvvəl Müsavat Partiyası başqanının müşaviri, Lənkəran Dövlət Universitetinin keçmiş tarix müəllimi və cənub bölgəsinin ən üzdə olan müxalifətçilərindən biri Yadigar Sadıqovdan getdiyini çoxları başa düşdü. Bəri başdan bir vacib məqamı qeyd etmək istəyirəm ki, bu sətirlərin müəllifi kimi özüm hərbi-siyasi təhsil alsam da, heç bir siyasi mənsubiyyətim olmayıb və yoxdur. Vətənimin hər bir övladının doğma Azərbaycan üçün atdığı dəyərli addımları alqışlamışam, dəstəkləmişəm və bu mənim həyat amalım olub.
İyunun 27-də, Azərbaycanda bir gün əvvəl keçirilmiş Silahlı Qüvvələr Günü ilə əlaqədar möhtəşəm hərbi parad haqqında məlumatlar gündəmi zəbt etdiyi bir məqamda, sanki ildırım çaxdı, göy guruldadı. Yadigar Sadıqov kimi dəyərli ziyalı və ağıllı bir insanın guya Qarabağ savaşının iştirakçısı olduğu söylənilən əlili döyməsi xəbəri cəmi bir neçə saat ərzində bütün respublikaya yayıldı.
Çoxları kimi mən də xəbəri eşidəndə əvvəl inanmadım və fikirləşdim ki, bu olsa-olsa Yadigar bəyin düşmənləri tərəfindən dövriyyəyə buraxılmış ucuz dezinformasiya ola bilər. Və bunu daha çox Yadigar bəyin son vaxtlar aktiv siyasi və vətəndaş fəallığı ilə əlaqələndirmək olardı ki, bu da təbiidir. Üzdə olan insanın nə qədər çox dostu-tanışı olsa da, bir o qədər də istəməyənləri olur. Xüsusən də, ölkənin aparıcı müxalif siyasi qurumunda təmsil olunursa. Amma hadisələrin çox qısa zaman kəsiyində inanılmaz sürət alması və nəticədə tanınmış bir ziyalının 2 ay müddətinə həbs edilməsi, ortada tamam başqa nüansların olduğunu göstərir. Y.Sadıqovu sifarişlə həbs etdirənlər görünür başqa məqsədlər güdürlər. Onsuz da onların dövriyyəyə buraxdığı bu Qarabağ qazisini döymək versiyası çox tezliklə sabun köpüyü kimi dağılacaq. Nəyə görə və niyəsini bir qədər aşağıda özünüz görəcəksiniz.
Diqqət yetirsəniz görərsiniz ki, ilkin məlumatda Yadigar Sadıqovun iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsində saxlanması haqqında məlumat verildi. Özü də, verilən xəbərdə deyilirdi ki, o, silahdan və ya silah qismində istifadə olunan əşyaları tətbiq etməklə xuliqanlıq edib. Bununla bərabər qeyd edilirdi ki, iyunun 25-də Rəşid Kərimov adlı şəxsi Yadigar Sadıqovla bərabər daha iki nəfər döyüb. İndi fikir verin, əgər döyülən bu şəxsi 3 nəfər döyübsə, nəyə görə ancaq bir nəfər həbsə alınır? Nəyə görə, polis orqanlarının əməkdaşları baş vermiş hadisədə yalnız Yadigar Sadıqovla bağlı belə “operativlik” nümayiş etdirirlər? Döyüldüyü iddia edilən Rəşid Kərimov nəyə görə mətbuatla ünsiyyətdən qorxur və demək olar ki, ictimaiyyətdən gizlədilir? Əgər həqiqətən də, Yadigar Sadıqov onu döyübsə, niyə o hadisəni olduğu kimi danışmaq istəmir? Bir sözlə, suallar çox, amma onlara aydınlıq gətirmək istəyənlər isə, demək olar ki, yox. Yeganə rəsmi məlumat ondan ibarətdir ki, guya belə bir hadisə olub və buna görə dəYadigar Sadıqov məhkəmənin qərarı ilə həbsə alınıb.
Bütün Lənkəran camaatı və ətraf bölgələrin insanları, kimlər ki azdan-çoxdan siyasi proseslərlə təmasdadırlar, onlar Yadigar Sadıqov kimi ciddi bir şəxsin heç vaxt Qarabağ qazisinə qarşı nəinki əl qaldırmaq, heç onu təhqir belə etmək tərbiyəsində olmadığına tam əmindirlər. Mən özüm 2005-ci ildə Yadigar Sadıqovla Milli Məclisə seçkilər zamanı opponent olmuşam. Onun necə sakit, təmkinli, savadlı və vətəninə bağlı bir insan olduğuna o vaxt bir daha şahid oldum. Sonrakı yaxın münasibətlərimiz, o cümlədən Yadigar Sadıqovun aktiv ictimai-siyasi fəallığı onu deməyə əsas verir ki, bu hadisədə dostumuzun günahı yoxdur. Olsa idi, indi bir sıra telekanallarda şou-təbliğat xarakterli verilişlərin ardı-arası kəsilməzdi.
Döyüldüyü bildirilən Rəşid Kərimov adlı şəxsin isə kimliyi hələ də məlum deyil. Bir qədər əvvəl qeyd etdiyim kimi, bu adamın harada, kimlərlə döyüş yolu keçməsi barədə heç kimdə doğru-dürüst məlumat yoxdur. Fikirləşəndə, bu iki ayrı-ayrı sahələrə mənsub olan insanlar arasında nədən ziddiyətin yaranmasını heç cür anlamaq olmur. Onların heç bir ortaq maraqları olmayıb ki, haradasa, nəyisə bölüşə bilmədiklərini düşünəsən. Verilən məlumat isə ondan ibarətdir ki, Qarabağ savaşının guya əlili olan şəxsin özü çox acınacaqlı bir həyat yaşayır. İndi o, daha çox cəmiyyət tərəfindən müsbət qarşılanmayan mərəzə yoluxub... Və o da verilən xəbərlərdəndir ki, döyüldüyü bildirilən Rəşid Kərimov Yadigar Sadıqovla bağlı təxribatın həyata keçirilməsi üçün Lənkəranın rəhbər şəxslərinin xeyir-duası ilə bu çirkin şər-böhtanı həyata keçirib.
Bu işin arxasında duranlar tezliklə necə yanlış addım atdıqlarını görəcəklər.