
Qarabağ müharibəsində şəhid olanlara 11 min manat məbləğində sığorta pulu ödənmir. Müvafiq olaraq əlillər də bu məbləğin böyük hissəsini almaqdan məhrum olub. Ayrı-ayrı hallarda məhkəmə yolu ilə haqlarını bərpa edənlər olub. Amma sonradan ləğv edilən qanunun bu halda geriyə qüvvəsi olduğundan millət vəkillərinin çıxışları torpaq uğrunda canlarından keçənlərin haqqının bərpa ediləcəyinə ümid verir.
ANS TV-nin məlumatına görə, söhbət 13500 şəhid ailəsindən, 11 min əlildən gedir ki, onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmir. Məbləğə gəlincə, birdəfəyə verilməli olan sığorta pulu şəhid ailələri üçün 11 min manat, birinci qrup əlillər üçün bunun 80 faizi, ikinci qruplar üçün 70, 3-cü qrup əlillər üçün 60 faizdir. Deməli, 90-cı illərin əvəvllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıb və Müdafiə Nazirliyi də bunun müqabilində müvafiq məbləğdə vəsaiti Azərsığorta Dövlət Sığorta Şirkətinin hesabına köçürüb. 1992-ci ildə qəbul olunmuş bir çox qanunlar, o cümlədən Hərbi Qulluqçuların statusu, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər və s. sənədlərdə hərbi əməliyyatlar zamanı həlak olan, ağır yaralanan, əmək qabiliyyətini itirən şəxslərin sosial təminatına dövlət zəmanət verir. Üstəgəl, 1997-cü ildə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanun imzalanır ki, o qanunda sığorta məbləği də konkretləşdirilir. Amma bu gün şəhid ailələrini və yaralı hərbi qulluqçuların bu pulu ala bilməməsində əngəl də elə bu qanundur. Orada göstərilir ki, şəhid ailəsi və yaxud yaralanan şəxs hadisə baş verəndən 3 il müddətində o pulu ala bilər. Əks təqdirdə, o puldan məhrum olunurlar.
Maraqlıdır ki, əlillərin, şəhid ailələrin əlində sığorta pulunun ödənməsinə dair məhkəmə qətnaməsi də var. Almaz Zeynalova da şəhid arvadı kimi Binəqədi məhkəməsindən qalib ayrılıb. Amma nə özü, nə sədri olduğu ictimai birliyin üzvləri, nə də onalara kömək üçün üz tutan yüzlərlə insan halal haqqını ala bilir. Hətta məsələ Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb.
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova qeyd edir ki, Konstitusiya Məhkəməsi çıxardığı qərarda birmənalı olarq qeyd edilir ki, hərbi qulluqçulara şamil olunan icbari sığorta ödənişi ödənilməlidir.
Konstitusiya Məhkəməsi isə bir cümləylə oyuna Mİlli Məclisi qatıb. Hansı ki, bu məsələni bir həftə əvvəli parlamentin iclasında Fazil Mustafa pislədi və dedi ki, Konstitusiya Məhkəəsinin Milli Məclisə tövsiyə vermək səlahiyyəti yoxdur.
Millət vəkili Fazil Mustafa deyir ki, qanun yüngülləşdirici olduğuna görə geriyə qüvvəsi var: “11 min manat şəhid ailəsinə, itkin düşənə ödənməlidir. Niyə onların qarğışı, bədduası Milli Məclisə yönəlməlidir?”
Maraqlıdır ki, Azərsığorta Dövlət Kommersiya Şirkətinin də gözləntiləri Milli Məclisdəndir. Hər halda, bu qurumda bizə müsahibə vermək istəmədilər. Bunu da mövqelərində hər hansı dəyişiklik olmaması ilə izah etdilər. Qurumun mövqeyi isə bəllidir. Parlamentdə müvafiq qərar qəbul olunandan sonra məsələyə aydınlıq gətirmək olar. Bunu bir müddət əvvəl şirkət sədrinin müavini Aftandil Hacıyev mətbuata müsahibəsində demişdi.
Yeri gəlmişkən, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də bir müddət əvvəl aksiya keçirən şəhid ailəlirini məsələsini parlamentdə qaldıracağı və büdcədən vəsait ayrılmasına nail olacağı ümidi ilə ovundurmuşdu. 2015-ci iln büdcəsində də bu xüsusda heç nə nəzərdə tutulmayıb.
Qaynar.info