Xəbər lenti

Qarabağa köçən rus milyonçu: “Dağlarda torpaq alacam”
Ölkə19:09 10.07.2015

Qarabağa köçən rus milyonçu: “Dağlarda torpaq alacam”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın məşhur iş adamı, “Alisa” birjasının əsasını qoyan German Sterliqov bir qədər əvvəl Dağlıq Qarabağda məskunlaşıb. O, bura köçməsinin səbəbi haqda REN TV-yə müsahibəsində danışıb.
48 yaşlı multimilyoner vaxtilə həm Rusiya prezidentliyinə, həm də Moskva merliyinə namizədliyini verib.
“Mən sizə sadə, aydın həqiqəti deyəcəm, bu, çoxlarının xoşuna gəlməyə də bilər, bununla belə mənim və ailəmin haqqında danışılan uydurmalardan daha yaxşıdır” - söyləyib Sterliqov.
O, köçdüyü bölgənin heyranedici gözəlliyindən də danışıb. Dağlıq Qarabağı ecazkar torpaq adlandırıb: “Belə valehedici yerə heç harada rast gəlməmişəm”.
Sterliqov Qarabağa köçdüyü üçün xoşbəxt olduğunu da bildirib: “Mən xoşbəxtəm ki, uşaqlarımı bura gətirmişəm, mən onlara nəzəri baxımdan insanların bir-birinə necə münasibət bəsləməli olmasından danışmışam. Təəssüf ki, müasir Rusiyada bu münasibət yoxdur”.
Biznesmenin sözlərinə görə, Qarabağda kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə dağlarda torpaq sahəsi almağa da hazırlaşır.
İş adamı özünə məşğuliyyət axtarsa da artıq arvadının sevimli peşəsini davam etdirdiyini bildirib: “Mən hələ qəti qərar verməmişəm, amma Alyona artıq paltar tikir. O, tezliklə burda Alyona Sterliqovanın Qarabağ moda evini açacaq”.
Virtualaz.org saytı xəbər verir ki, G.Sterliqov bu gün öz facebook səhifəsində şəxsi biznesinə dair daha bir məlumatı paylaşıb. O, bu gün Qarabağda köhnə bir su dəyirmanı aldığını bildirib.
“Dəyirmanın sahibi ilə anlaşdıq. Müqaviləni də birbaşa elə “Jiquli”nin kapotunun üstündə imzaladıq. Pulu əlbəəl verib dəyirmanı aldım. Dərhal da 7 kisə taxıl üyütdüm. Allah qoysa, bu günlərdə un satmağa başlayacam” - deyə G.Sterliqov yazır.
Multimilyonerin Dağlıq Qarabağda məskulaşması mediada çox müzakirə edilən mövzulardandır. Qəzetlər müstəqil Rusiyanın ilk milyonçularından birinin Moskva ətrafında - Slobodada bütün mülkünü satıb arvadı və 5 uşağı ilə Qarabağa köçdüyünü yazır. Onun burda ekoloji baxımdan təmiz qida məhsullarının istehsalına başlayacağı deyilir.
Sterliqovun adı rus milliyyətçi silahlı qruplaşması BORN-a qarşı açılan cinayət işində hallanırdı. Bu qruplaşma Rusiyada dövlət quruluşunu dəyişməyi planlaşdırırmış. O, buna ölkədə sabitliyi pozmaqla, qeyri-rusları və milliyyətçilərə qarşı mübarizə aparanları öldürməklə nail olmaq istəyirmiş. Sterliqov REN TV-yə müsahibəsində eyham vurub ki, onun gələcək planları Moskvada bir məsələ ilə bağlı veriləcək qərardan asılıdır. Bununla da o, Rusiyadan daşınmasının BORN-la bağlı olması yönündə şübhələri gücləndirib.
Rəsmi Bakı Rusiya milyonçusunun və ailəsinin Dağlıq Qarabağda yerləşməsi faktını araşdırdığını bəyan edib. Bundan başqa, onun adı Xarici İşlər Nazirliyinin “arzuolunmazlar siyahısı”na salınıb.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın üzvləri də milyonçunun bura turist kimi gəldiyini və qeydiyyata düşdüyünü söyləyiblər.
Sterliqov 1990-cı illərdən məşhurlaşmağa başlayıb, yaratdığı “Alisa” birjası bir neçə il sonra nəhəng holdinqə çevrilib.//Azadlıq Radiosu
Qaynar.info