
Sizə salam düşmür.
İllərdir gözlərim yollardadır. Namusumu, şərəfimi, ləyaqətimi kafər ayaqlarının altına atdınız. Daha əllərimi göylərə açıb sizə qovuşmaq üçün dua etmirəm. Torpağa dayadığım dizlərimi qucaqlayıb ümidimi hər şeydən və hamıdan üzdüm. 20 il gözlədim, bir igidin ömrü. Kim 20 il sevdiyini gözləyər? Məni ələmi salmısınız?
Sinəmdəki qan ləkələrini yağışlar yuyub apardı. Yerində kosa kollar bitir. Sevdim sevmədim, artıq bu adamlara alışmışam. Onlar sizdən fərqli olaraq, məni əllərindən vermək fikrində deyillər. Hər alçaqlığa belə gedirlər, təki mən əllərindən çıxmayım.
Siz işinizdə olun: elə nə vaxt eşidirəm, bayram edirsiniz, çalıb-oynayırsınız. Siz mənim xiffətimi çəkənə oxşamırsınız.
Hər adda bayram icad edib şənlənirsiniz. Şuşamın bağrı qan olduğu günün səhəri Qələbə gününü qeyd edib, səhəri də şəhərinizi al-əlvan çiçəklərlə bəzəyib, bir həftə zövq alırsınız. “Qarabağ şikəstəsi”nə gözləri dolub ürəyi qubar olanların sayı da get-gedə azalır. Ürəkləri nisgilli gedirlər bir-bir bu dünyadan.
İndi də eşitmişəm, parada hazırlaşırsınız. Mənim uğrumda əlləri silahsız quruca canını götürüb düşmən gülləsinin qabağına atılan oğlanlar vardı haa...xəyallarına da gətirməzdilər bu topu-tüfəngi. Fəqət ürəklərində sevgi vardı, sevdikləri uğrunda ölmək vardı.
Ancaq indi sizin hər şeyiniz var: adınız, şöhrətiniz, bər-bəzəyiniz, topunuz, tüfənginiz, əsgəriniz...bircə mən yoxam...Sizin bütün etdiklrəiniz mənə oyun, oyunlarınız isə çox saxta görünür. Çünki bu oyunların sizə məxsus gedişləri mənə heç nə vermir. Mən sizdən əlimi üzdüm. Topunuzun lüləsi sinəmə tuşlanmayana qədər yalançı sevgi nağıllarını özünüzə danışın...
Hörmətlə: Qarabağ