Xəbər lenti

Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq
Ölkə 11:11 17.07.2025

Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib:

"Bununla, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq. Yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz. Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.

Yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək. Bu bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımından da vacibdir. Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhvə verəcək".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->