Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən artıq 21 aydan çox vaxt keçib. Bu müddət ərzində azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində də müəyyən addımlar atılıb. Bir çox ərazilər minalardan təmizlənərək, istifadə üçün yaralı hala gətirilib. Amma bununla belə, qısa zamanda həmin ərazilərdəki dədə-baba yurdlarına geri qayıtmağı düşünən bir qrup əhali minalardan təmizləmə prosesinin ləng getdiyini iddia edir.
Ərazilərin minalardan təmizlənməsi prosesi niyə sürətlə həyata keçirilmir? Ümumiyyətlə, proses neçə ilə başa çata bilər?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Ədalət Vəliyevin fikrincə, proses 10 ildən tez bitməyəcək:

"Hər hansı bir müharibədən sonra ərazilərin minalardan təmizlənməsi bəzən onillərlə davam edir. Bunu ikinci dünya savaşı, Əfqanıstan, Suriya, Vyetnam, Kamboca və s. ölkələrinin təcrübəsi göstərir. İndinin özündə belə keçmiş Yuqoslaviya, Belarus ərazisində ikinci dünya müharibəsindən qalma minalar tapılır. Ərazilərin minalardan təmizlənməsi çox təhlükəli, risqli, kifayət qədər uzun çəkən prosesdir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesinin qısa müddətdə yekunlaşacağını gözləməyin. Bu uzun sürən prosesdir. Yaxın müddətdə onun başa çatacağını gözləmək doğru deyil.
Bu proses dünyanın heç bir ölkəsində 10 ildən tez yekunlaşmayıb. Mozambikdə yalnız 2015-ci ildə, yəni 22 ildən sonra mina təmizlənməsi işlərinin başa çatdığını bəyan etdilər. Ona görə tələskənliyə də yol vermək olmaz. Amma dövlət olaraq Azərbaycan işi tezləşdirmək üçün texniki vasitələrin alınmasına üstünlük verir, bu istiqamətdə çalışacaq yeni şirkətlərin yaranmasına münbit şərait yaradır. Həm də özəl olaraq yaradılan şirkətlər ANAMA-nın rəhbərliyi altında minalardan təmizləmə işlərinə cəlb olunublar. Bu istiqamətdə şirkətlərin yaradılmasının özü də zaman tələb edir. Minaların basdırılmasına göz yuman ATƏT ölkələri isə təmizləmə prosesinə heç bir dəstək vermir”.
Rüfət Sultan