Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qarabağ” xüsusi buraxılışı-elmi məqalələr toplusunun təqdimatı mərasimi keçirilib.
Qaynar.info-nun məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin və Türkiyənin Fırat Universiteti “Orta Doğu Araşdırmaları Mərkəzi”inin təşəbbüsü ilə birgə təşkil edilib. Konfransda Milli Məclisin üzvləri , AMEA-nın müxtəlif institutlarının, ali məktəblərin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı deyib ki, son dövrlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ideoloji vasitə kimi təbliğat materiallarından səmərəli istifadə olunur. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir: “Xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur. Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi “GEAD” İctimai Birliyi də Qarabağ həqiqətlərinin hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən elmi tədqiqatlar müstəvisində təhlil olunmasını zəruri hesab edərək, “Qarabağ” xüsusi buraxılışı-məqalələr toplusunun hazırlanmasını əhəmiyyətli hesab edir".
İctimai Birliyin sədri öz çıxışında Qarabağ həqiqətlərinin elmi tədqiqatlar mövzusuna çevrilməsini, gənc alimlərin bu sahədə olan elmi tədqiqatlara istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.