"Qazaxıstanla hərbi əməkdaşlıq Astanadan daha çox Londona lazımdır və burada məqsəd ilk növbədə Pekinin bölgədə möhkəmlənməsinin qarşısını almaqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Qazaxıstanla Böyük Britaniya arasında imzalanan hərbi sazişi şərh edərkən deyib.
Elçin Şıxlı bildirib ki, Böyük Britaniya hər zaman şərqə nüfuz etməkdə maraqlı olub:
"Onların həm Azərbaycana, həm İrana, İran Azərbaycanına marağı var. Həm də Türk dünyası deyilən məfhuma maraqları artıq artmağa başlayıb. Qazaxıstan da ərazisinə görə zəngin torpaqlara malik iri ölkədir, Çinlə həmsərhəddir. Britaniya da "yumşaq güc” adı altında bu ərazidə öz marağını təmin etməyə, nüfuzunu genişləndirməyə çalışır. Unutmayaq ki, britaniyalılar anqlo-sakslardır və onlar da hər zaman uzaqgörənliklə seçiliblər".
Ekspertin fikrincə, Britaniyanın bu addımı Rusiyadan daha çox Çinin bölgədə təsirinin artmasının qarşısını almağa yönəlib:
"Hazırda Moskva ilə Pekin, demək olar ki, müəyyən məqamlarda Qərbə qarşı bir mövqedən çıxış edir. Britaniya da çalışır ki, Rusiya ilə Çin arasında olan Qazaxıstanda sözü keçsin. Bu səbəbdən də Londonu türk dünyası çox maraqlandırır. Çünki normal işləyə bilsə, Türk dünyası qüvvəyə çevriləcək. London da ona görə artıq bu istiqamətə ciddi maraq göstərir".
Rusiyaya gəldikdə isə həmsöhbətimiz düşünür ki, onlar Londonun Qazaxıstanla atdığı bu sayaq addımların qarşısını almaq üçün heç nə edə bilməyəcəklər:
"Moskva boş-boşuna çərənləməkdən başqa heç nə bacarmır. Üç günə Kiyevi alanlar hələ də Ukrayna ilə bacara bilmir. Bu gedişlə Rusiyanın zaman baxımından mövcud gücünü itirməsinə bir şey qalmayıb".
Qeyd edək ki, Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb. Bu barədə Qazaxıstan hökuməti məlumat verilib.
Tərəflər Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında 2025-2026-cı illər üçün Hərbi Əməkdaşlıq Planı imzalayıblar.
İki ölkə arasında imzalanan müqavilədə qazax əsgərlərinin Böyük Britaniyanın hərbi akademiyalarında hazırlanması, sülhməramlı əməliyyatlara hazırlıq və birgə təlimlərin təşkili qərara alınıb.
Maraqlıdır ki, Londonda sözügedən planın imzalanmasının ardınca, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dərhal rusiyayönümlü müdafiə naziri Ruslan Jaksılıkovu tutduğu vəzifəsindən azad edib, onun yerinə isə əvvəllər nazir müavini-Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanovu nazir təyin edib.
Londonla Astananın hərbi sahədə əməkdaşlığı Moskvanı qıcıqlandırıb. Əməkdaşlıq planının Londonda imzalanmasından bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, "Rusiya dost ölkələrə Böyük Britaniya ilə yaxınlaşmaq və öz ölkələrində British Council (Rusiyada arzuolunmaz kimi tanınan) kimi təşkilatlar üçün əlverişli şərait yaratmamaq barədə xəbərdarlıq edir".
Rüfət Sultan
Şərhlər