Nahid Abdullayev 01.01.2000-ci ildə Xaçmaz rayonu Soyuqqışlaq kəndində anadan olub. Həqiqi hərbi xidməti keçən il başa vuran Nahid, II Qarabağ savaşında səfərbərliyə cəlb olunaraq döyüşlərə qatılıb.
Qaynarinfo II Qarabağ savaşının iştirakçısı, qazi Nahid Abdullayevlə müsahibəni təqdim edir.
- Nahid, necəsən, necə hiss edirsən özünü? Döyüşdən təzə qayıtmısan. Deyəsən, kəndiniz də yaxşı qarşıladı səni...
- Artıq yaxşıyam. Necə hiss edirsən deyəndə ki, adam bir az qəribə olur. Adaptasiya olmaq çətindir. Hələ də gəldiyimə inana bilmirəm. Əsgərlikdə olanlar bilər, oradan gələndə bir müddət mülki həyata uyğunlaşa bilmirsən. Məndə də hazırda o vəziyyətdir. Elə bilirəm, yatmışam, bu dəqiqə döyüşə əmri veriləcək. (Gülür) Kəndimizin qarşılamağına söz ola bilməz. Qürur duydum. Açığı, heç gözləmirdim. Gözəl hisslərdir... Bütün kənd məni qarşılamağa gəlmişdi. Belə insanlar üçün, millətimiz üçün canından keçməyə həqiqətən dəyərmiş. Bunu həm müharibədə hiss elədim, həm də indi hiss edirəm.
- Nahid, ömrünün ən gənc çağında müharibə gördün. Necə idi oranın ab-havası? Axı, bu məhəllə oyunu deyil ki, taxtadan silah düzəldib oynayasan, heç vaxt da öldüyünü sübut edə bilməyəsən... Hansı hissləri keçirtdin? Həyəcan, qorxu oldumu heç? Birdən-birə topun, güllənin içində gün necə keçdi, vaxt necə keçdi?
- Bəli. Ömrümün ən gözəl çağında, ən gənc yaşımda birdən-birə müharibənin ortasına düşdüm. Onda gözümü açdım ki, güllə gəlir (gülür). Bildiyiniz kino kimi idi hər şey. Kinodan da artıq. Hər anı, hər dəqiqəsi ölüm. Yaşayan bilər oranı. Tam ifadə etmək mümkün deyil. Amma ölümü gözə alıb getmişik. Həyəcan, təbii ki, olur. Qorxu da. Amma içində boğmalısan. Boğurduq da. Bir müddət sonra da vecə almırsan, öyrəşirsən, top səsi ana laylası kimi gəlir.( Gülür). Ölümlə üz-üzə necə olar ki başqa? Bu gün bir yerdə olduğunuz adam sabah şəhid olur, qazi olur. Yuxusuz günlər, ac günlər. Elə gün olub, bir peçenyeni üç nəfərə yemişik, elə son yemək də o olub. Müharibədi də. Olur belə...
- Hansı istiqamətlərdə döyüşmüşdün?
- Birinci Ağcabədidə oldum. Sonra Füzuli, Xocavənd, Cəbrayıl. Ən sonuncu Cəbrayılda oldum, elə orda da yaralandım. Bircə pis oldum ki, Şuşada döyüşə bilmədim. Tez yaralandığıma görə. Özümü ancaq buna görə qınadım. Amma nə etmək olar? Bu günümüzə də şükür. Qismətdə bu imiş, bu da oldu. İnşallah, Şuşaya birlikdə gedəcəyik hamılıqla.
- Yaralanma anın necə oldu?
- Əslində, heç gözləmirdik. Bir anın içində oldu hər şey. Yəni, biri var ki, biləsən burda təhlükə var, yox, bizdə elə olmadı. Qəfildən, çox sakit bir yerdə mühasirəyə düşdük. Gizlənmişdi düşmən. Atışma başladı. Onlara təpədən bizə güllə yağırdı. Atırdıq biz də, amma çətin idi. Əhatəyə almışdılar. Hər yerdən atırdılar. Ayağımdan güllə ilə vurdular orda.
- Yaralanandan sonra da atışma davam elədi?
- Hə. Amma biz ordan çıxmalı idik artıq. Şükür ki, başqa yaralanan olsa da, şəhidimiz olmadı. Özümü, dərə kimi bir yer var idi, ora atdım. Ayağım gizildəyirdi. Ordan da keçdik meşə kimi yerə. Sürünə-sürünə gəlib çıxdıq təhlükəsiz bir əraziyə. Yəni, oranı elə bilirdik. Ayağımı rezinlə sıxıb, qanı saxladım. Bir də 8 saatdan sonra təxliyə olunduq. O vaxta qədər orda qaldıq, elə yaralı-yaralı.
- Özündə idin? Ağrı hiss eləyirdin?
- Hə. Xəstəxanaya gedəndə özümdə olmamışam bircə. İlkin yardımlarıma görə çox qan itirməmişdim. Amma sonradan ağrı oldu. Güllə birinci dəyəndə elə bil, tok vurdu. Gizildəyirdi ayağım. Sonrası da məlum. Amma müalicəm uzun çəkdi deyə, yenidən qayıda bilmədim döyüşlərə. Çox heyif.
- Erməni öldürdünmü heç üzbəüz?
- Öldürdüm deyəndə, dəqiq sayını bilmirəm. Amma yaralanda da atırdım, digər döyüşlərdə də. Hədəfə deyən də olurdu, dəyməyən də. 7-8 dəfə oldu elə. Gülləyə yıxıldığını gördüm. Amma gedib yaxından görə bilmədim ki, ölüb, ya yaralıdır. Səpələyirdim üstlərinə. İnşallah ölüblər hamısı. (gülür. )
- Yadında qalan ən kədərli, ən dəhşətli, heç vaxt unuda bilməyəcəyin xüsusi bir hadisə oldumu?
- Xüsusi deyəndə, orda alınan nəfəs belə unudulmaz. Silah yoldaşlarının yaralanmağı, səhər gördüyün adamın günorta şəhid olması, bir sözlə, hər şey dəhşətli və kədərlidir. Özümün 8 saat yaralı mühasirədə qalmağım da o cümlədən.
- Yaralananda birinci nə düşündün? 8 saat mühasirədə yaralı yoldaşlarınla nə danışırdınız? İçində "burdan çətin çıxaq, öləcəm" havası var idimi?
- Var idi. Təbii ki, ilk olaraq doğmaları, ailəni düşündüm. Daha doğrusu, elə həmişə onları düşünürdüm. Amma ölümlə burun-buruna adam bir az başqa cür düşünür. Yaralı əsgərlərlə kəlmeyi-şəhadəti dedik, danışdıq ki, onsuz da burdan qayıda bilməyəcəyik. Heç kim harda olduğumuzu bilmir. Çətin taparlar.
- Bəs, birdən ermənilər gəlib sizi tapsaydı? Onda sizin vəziyyətiniz lap pis olacaqdı axı.
- Düzdü. Onun da çarəsini bilirdik. Hərəmiz bir güllə saxlamışdıq ki, qəfildən gəlsələr, özümüzü vuraq (gülür). Zarafat bir yana, həqiqətən elə idi. Özümüz halallaşanda elə etdik ki, birdən əsir götürmək istəyərlər. Bir sözlə, oradan çıxmağımız, sağ qalmağımız tam bir möcüzə idi. Şükür Allahın böyüklüyünə...
- Nahid, bir daha sənə və sənin timsalında bütün qazilərə təşəkkür edirik. Şəhidlərə isə Allah rəhmət eləsin. Sağ olun ki, belə igidlik göstərdiniz, canınız bahasına o torpaqları aldınız. Sizin üçün nə etsək də, azdır.
- Amin. Çox sağ olun. Hər şey yaxşıdır, hər şey əladır və belə də olacaq. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!