
Martın 25-də Qəbələdə "AzTrans" şirkəti işçilərinin keçirdiyi etiraz aksiyasında fəallığı ilə seçilən Tehran Musayev, Aydın Əliverdiyev və Siyavuş Yaralıyev barəsində aprelin 1-də ittiham irəli sürüldüyü haqda məlumat verilmişdi.
Aprelin 2-də rayon məhkəməsində onlara qarşı proses keçirilib.
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun "avropa.info"ya bildirdiyinə görə, hər 3 şəxs İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması) mühakimə olunublar. Hakim Tofiq Məmmədov Tehran Musayev və Siyavuş Yaralıyevə 6 gün, Aydın Əliverdiyevə isə 4 gün inzibati həbs verib.
Tehran Musayev məhkəmədə bildirib ki, həbsi sifarişlidir, məqsəd isə onları susduraraq haqlarını əllərindən almaqdır. Saxlanılan şəxslərin həbsinin səbəblərindən biri də 5 aprel tarixində 1500 fəhlənin keçirmək istədiyi aksiyanın qarşısını almaqdır. Fəhlələr isə heç bir qorxu hiss etmədiklərini və sona qədər mübarizə aparacaqlarını qeyd ediblər.
Qaynar.info