
Səhiyyə Nazirliyi ölkədə satılan dərmanların keyfiyyətinin əvvəlki illərlə müqayisədə aşağı, müalicə üçün təsirsiz olması, bütün bunların isə sifarişçi şirkətlərin istəyi ilə Azərbaycana gətirilən dərmanların əsas təsiredici maddəsinin miqdarının azaldılması ilə bağlı olması barədə səslənən iddialara münasibət bildirib.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov dərmanların müalicəvi təsirinin bir çox amillərdən asılı olduğunu bildirib.
Onun sözlərinə görə, hər hansı bir dərmanın effektli və ya effektsiz olması klinik tədqiqatlar nəticəsində müəyyən edilir: "Dərmanların təsirli olması hallarının ¼-i insanın psixoloji halından, yəni müalicəyə, müalicə həkiminə inamından, müalicə rejiminə nə dərəcədə əməl etməsindən, həyat tərzindən asılıdır. Ümumiyyətlə, demək olar ki, dərman vasitələri plasebodan 1,3 dəfə daha çox müalicəvi təsir göstərir. Bu faktorlara cins, yaş, irq və genetik faktorlar da aiddir. Genetik faktorlar çox böyük rol oynayır. Hətta artıq dünyada farmakogenetik faktorların araşdırılmasına başlanılıb. Yəni genetik faktorlardan asılı olaraq, dərmanların effektivliyi fərdi xarakter daşıyır. Bəzi millətlər və irqlər üçün effektli olan dərmanlar başqa bir irq və millət üçün effektsiz ola bilər. Hər bir dərman preparatının effektivliyi həm də dozanın düzgün seçilməsindən asılıdır".Qaynarinfo.Az