
Astara Pedaqoji Kollecində nə baş verir?
Astara rayon Pedaqoji Kollecində yaşananlarla bağlı Qaynar.info-ya məktub ünvanlanıb.
Rayon sakini Əliyev Vasif tərəfindən ünvanlanan şikayət məktubunda bildirilir ki, kollecdə rüşvətxorluq və özbaşınalıq baş alıb gedir.
Vətəndaş həmçinin bildirir ki, kollecin direktoru ilə görüşmək isə ödənişlə həyata keçirilir. Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Astara Pedaqoji Kolleci təzə yaranmasına baxmayaraq rüşvətin alınmasından ötrü digər kollecləri qabaqlamışdır.Astara pedaqoji kollecinin direktorunun qəbul otağına “elə-belə” girmək mümkün deyil. Kollecin girəcəyində qurulmuş mühafizə postundan “əlin boşdursa, içəri keçə bilməzsən” formasında adamları içəri buraxırlar. Kənddən gələn və yaxud da "pay-puş" sumka ilə gətirən adamlar direktor Əlihəsən və şöbə müdirlərinin qapılarında sumka ilə dayanırlar.
İçəri keçərkən artıq şərtlər müəyyənləşir:
1 həftəyə icazə 30 manat
1 aya icazə 200 manat
Axırıncı dərsdən evə getmək 20 manat
Fond pulu 30 manat
Yataqxanada qalmaq 30 manat
Kollecdə 1400-ə qədər tələbə oxuyur, dərslərdə isə hal-hazırda 500-550 tələbə iştirak edir. Tələbələr pedaqoji təcrübəyə getmirlər. Təcrübənin qiyməti 100 manatdır.
Qiyabi şöbənin müdiri hər ay qiyabiçiləri kollecə çağıraraq yoxlama yazı işinə 20 manat, kurs işinə isə 50 manatdan pul yığır. Dövlət imtahan pulları müəyyənləşib. Adi diplom 300 manat, frəqlənmə diplomu 500 manat.
Təhsil müəssisəsinin direktoru isə uzun müddətdir vəzifədə olan fəlsəfə elmləri doktoru Əlihəsən Əli oğlu Həmzəyevdir. Neçə illərdir direktor işləyən şəxsə bu zaman kəsiyində bircə dəfə də olsun "gözün üstə qaşın var" deyən olmayıb. Təhsil müəssisəsində problemlər göz çıxarsa da, direktor bundan narahatlıq hissi keçirmir. Bizə çatan məlumatlara görə, kollecdə təhsil alan tələbələr qış və yay semestrləri öncəsi şöbə müdiri və direktoru mütləq "görməlidirlər". Bura təzə daxil olan tələbələr ilk öncə vəziyyətdən xəbərdar olmurlar.
Əlihəsən Həmzəyevin Astaradakı istirahət pansionatından hamının xəbəri var. Dəniz kənarında yerləşən bu istirahət pansionatının uzunluğu 1000 metrdir. Bakıda müxtəlif yerlərdə 5 otaqlı mənzillər alan Əlihəsən Həmzəyev var-dövlətini hara aparır?
Vaxt keçdikcə onlar kollecdəki sistemə uyğunlaşırlar. Müəllimlər tələbələrə dilləri ilə deyir ki, əziyyət çəkib dərs oxumayın, onsuz da direktor sizi imtahandan keçirməyəcək. Həqiqətən də, belədir. Direktor ixtisas rəhbərlərinə və müəllimlərə dəfələrlə tapşırıb ki, heç bir tələbəyə "şirinlik" olmadan qiymət yazmasınlar. Neçə dəfə olub ki, direktora "hörmət" etməyən tələbələr imtahanlardan kəsiliblər. Bu, ənənə halına çevrilib. Burda pedaqoji kadr hazırlığı aşağı səviyyədədir. Tədris olunan ixtisaslarda savadlı müəllimlər azlıq təşkil edir. İbtidai sinif səviyyəsində savadı olmayan insanlar kollecdə müəllim işləyir.
Onları direktor nəyinsə müqabilində işə qəbul edib. Tələbə kontingenti arasında təhsil ocağının rəhbər heyətinə qarşı inamsızlıq var. Uşaqlar oxuyub savad almaq istəsələr də, buna imkan vermirlər. Fənn-tədris kabinetləri istənilən səviyyədə deyil. Kitabxana və kompyuter mərkəzində də vəziyyət eynidir". Əldə etdiyimiz bilgilərə görə, sözügedən kollec normal səviyyədə ibtidai sinif müəllimləri yetişdirə bilmədiyi halda, ayrıca xarici dil ixtisasları açıb. İki il müddətinə ingilis dili müəllimləri hazırlayan təhsil ocağı birmənalı olaraq Azərbaycan təhsil sisteminin qəsdinə dayanıb. Qeyd edək ki, Astara Pedaqoji Kollecində ətraf rayonlardan olan tələbələr də təhsil alır. Bunların içərisində Astara, Masallı və Biləsuvar rayonundan olan tələbələr daha çox üstünlük təşkil edir. Həmin tələbələr üçünsə Astarada oxumaq ikiqat xərc tələb edir. Çünki onlar həm burda kirayə ev pulu ödəyirlər, həm də imtahanları "yola verirlər”.
Hörmətlə : Əliyev Vasif Mirzəli oğlu. Astara rayonu Şahağacı kəndi
30.03.2014"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info