"Qəfildən ölən nəvəm müayinə olunmadan gizli şəkildə dəfn edilib".
Bu sətrlər Ağsu rayonunun Bico kənd sakini Raqil Balahəmid oğlu Həmzəyevin Qaynarinfo-ya göndərdiyi müraciətdə yer alıb. R.Həmzəyev idda edir ki, Sumqayıt Şəhər Prokurorluğu bu cinayətin olayını ört-basdır etməyə çalışır:
"Oğlum - Həmzəyev Alim 08.07.2016-cı il tarixdə Sumqayıt şəhər sakini Mahmudova (sonradan Həmzəyeva) Ülkər Sabir qızı ilə Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nigaha girməklə, el adətincə ailə qurmuşdu. Cütlüyün övladları olmadığından gəlinimi müayinə üçün xəstəxanaya aparmaq qərarına gəldik. 2017-ci ilin mart ayında Ağsu rayon Xəstəxanasının ginekoloqu Peykan həkimin rəhbərliyi ilə həkimlər aşkar etdilər ki, gəlinim Ülkərin uşaqlığında böyük ölçüdə kista var. Gəlin bu üzdən ana ola bilməz və mütləq əməliyyat olunmalıdır. Bu xəbəri gəlinimin valideynləri Mahmudov Sabir və Ülviyyəyə də bildirdik. Onlar məsələyə çox aqressiv yanaşdılar, bizi acılamaqla bildirdilər ki, "Ülkər sahibsiz deyil, siz kimsiz bizim övladımızı Ağsu kimi xəstəxanası, səhiyyəsi geridə qalan bir rayonda əməliyyat etdirmək istəyirsiz? Öz qohumumuz var - ginekoloq-həkim Mehman Həmzəyev, Ülkəri gətirin, o həkimə müayinə etdirin”. Elə də etdik, gəlini götürüb, valideynləri ilə birgə Mehman həkimin qəbuluna getdik. Mehman həkim də eyni diaqnozu qoydu və əməliyyatın qaçılmaz olduğunu bildirdi. Ülkərin valideynləri əməliyyata razı olmadılar, müalicə variantını seçdilər. Lakin müalicənin heç bir xeyiri olmadığından, 2017-ci ilin dekabr ayında Mehman həkim "Avrasiya” klinikasında əməliyyatı həyata keçirtdi...
17.10.2018-ci il tarixdə Sumqayıt şəhər 2 saylı Doğum evində qız nəvəm dünyaya gəldi”.
R.Həmzəyev bildirib ki, gəlininin valideynləri müxtəlif bəhanələrlə nəvəsini onlardan gizlədib:
"Bununla qohumluq əlaqələrinə çox ciddi soyuq münasibət yaradırdılar. Hətta, uşağın adını da bizsiz yazdırdılar. Sonda məlum oldu ki, gəlinimi və nəvəmi girov götürməklə Sabir və Ülviyyə "əmlakmənimsəmə” planı qurublarmış. Belə ki, Sumqayıt şəhərində ev alınmalı, Sabirin adına qeydiyyata qoyulmalı, gəlinin valideynlərinə maddi yardımlar göstərilməli və s. kimi tələblər. Planın baş tutmadığını görən Sabir-Ülviyyə cütlüyü 21.01.2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsində, boşanma olmadan, oğlum Həmzəyev Alimə 160 manat aliment kəsdirdilər (Bildirim ki, boşanma prosesi 08.01.2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində keçirilib və iş N%2(060)-374/2020 nömrəli qətnamə ilə nigah pozulub). Ən şübhəli və cinayət tərkibli məqam isə 18.04.2019-cu il tarixdə baş verib. Belə ki, həmin gün nəvəm Həmzəyeva Fidan Alim qızı Sabir və Ülviyyənin yaşadıqları evdə - Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 17-də naməlum səbəbdən dünyasını dəyişib. Bizə çatan məlumata görə, tələf olmuş uşaq tez-tələsik, müayinə olunmadan, gizli yollarla Ağsu rayonunun Bico kənd qəbirstanlığına gətirilərək, dəfn olunub. Maraqlıdır ki, Həmzəyeva Fidan Alim qızı Sumqayıt şəhər 2 saylı doğum evində doğulsa da, onun doğuş haqqında arayışı Ağsu rayon Xəstəxanası, doğum haqqında şəhadətnaməsi isə Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilib.”
Məktub sahibi məsələ ilə bağlı 10.07.2019-cu il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib:
"Nəticə olmadığı üçün bir il sonra - 24 iyun 2020-ci il tarixdə həmin prokurorluğa teleqram vuraraq işlə niyə maraqlanmadıqlarını bildirmişəm. Prokurorluq isə mənə 25 iyun 2020-ci il tarixdə tərtib olunmuş, prokuror vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyevin imzası ilə, 11.08.2020-ci il tarixdə mənə çatan cavab məktubu göndərib. Məktubda göstərilib ki, şikayət ərizəmə ilkin yoxlama nəticəsində prokurorluq tərəfindən 12.08.2019-cu il tarixdə rədd cavabı verilib. Halbuki, göstərilən tarixdən bir neçə ay sonra Sumqayıt Şəhər Prokurorluğunda şəxsən olmuşam və işin araşdırıldığı barədə məlumatlandırılmışam, üstəlik izahatım da alınıb. Məndə sözügedən işin araşdırılmadığı, yaxud işə səthi yanaşıldığı barədə qənaət yarandığından (bunu yuxarıda göstərilən tarixlərdən də bilmək olur), 10.07.2019-cu il tarixli ərizəmin davamı olaraq, işin yenidən araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna tələbli iddialarla bu günlərdə yenidən şikayət ərizəsi göndərdim. Ərizədə aşağıdakı bəndləri göstərmişəm:
1. Altı aylıq nəvəm Fidan Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 17-də naməlum səbəbdən qəflətən dünyasını dəyişib (Meyitin çıxarılaraq müayinə olunması zəruridir);
2. Sumqayıt şəhər Uşaq Xəstəxanasının 09.07.2019-cu il tarixli, 178 nömrəli arayışında bildirilir ki, Həmzəyeva Fidan Alim qızı 18.04.2019-cu il tarixdə xəstəxanaya meyit şəklində gətirilmişdir;
3. Ölüm haqqında akt yoxdur. Meyit ekspertizadan yayındırılaraq, gizli yollarla gətirilərək, atasına və onun yaxınlarına göstərilmədən Bico kənd qəbirstanlığında dəfn olunub;
4. Ölüm haqqında şəhadətnamə Ağsu Rayon Məhkəməsinin qərarı əsasında Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21.09.2019-cu il tarixdə, 331 nömrəli qeydlə "səbəbi məlum olmayan ölüm” şəklində mənə təqdim olunub;
5. Nəvəm Fidan 17.10.2018-ci il tarixdə Sumqayıt şəhər 2 saylı Doğum evində anadan olmasına baxmayaraq, doğum haqqında arayış Ağsu rayon Mərkəzi Xəstəxanası tərəfindən verilib.
Məncə, sadaladığım bütün bu faktlar ciddi və təxirəsalınmaz araşdırmalar tələb edir. Mənim üçün şübhəli qalan əvvəlki araşdırmanın yenidən başladılmasını, istintaqa qaytarılmasını istəyirəm”.