Şəhid pilot Təbriz Musazadənin meyiti ötən gecə 00.30-də ailəsinə təhvil verilib. Gecə saatları olmasına baxmayaraq meyidin qarşılanması vaxtı şəhidin ailəsinin yaşadığı NZS qəsəbəsində izdiham müşahidə olunub.
Şəhidi tanıyan və tanımayan hər kəs onun evinin qarşısına toplaşıb. Üçrəngli şanlı bayrağımıza bülkülmüş 35 yaşlı Təbriz Musazadənin nəəşini qəsəbə sakinləri “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirərək qarşılayıblar.
Ailə üzvləri, qohumları, tanışları ilə yanaşı şəhid Təbriz Musazadəni yaxından tanımayanlar da onun torpaq uğrunda canından keçməsini qürurla qəbul etsələr də köks ötürmədən də dayana bilmirdilər.
Yaxınları deyir ki, Təbriz vətənini ailəsindən, valideynlərindən və iki azyaşlı övladından da çox istəyirmiş.
Təbriz Musazadənin meyiti digər şəhid hərbçilərimizin meyitləri ilə birlikdə ötən gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrindən geri alınıb.
Şəhid Təbriz Musazadə bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Allah rəhmət eləsin!