Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın təcili xaricdə əməliyyat dəstək və yardım göstərmələri üçün müraciət edib.
Millət vəkili bildirib ki, ötən gündən sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın müalicəsinə və xaricdə əməliyyat olunmasına köməklik göstərilməsi üçün dəstək kampaniyasına çağırışlar səslənməkdədir.
Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına və əlillərinə daima dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva aidiyyəti dövlət qurumlarını, xüsusilə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini dövlətin əlillərə göstərdiyi diqqət və qayğının davamı olaraq Qarabağ müharibəsi veteranı Rüxsarə (Tutu) Cumayevanın təcili xaricdə əməliyyat olunmasına yardım göstərmələrinə çağırıb.
Rüxsarə (Tutu) Cumayevanın təcili əməliyyat olunmalı olduğunu və bu əməliyyat xarici ölkələrin birində (Türkiyədə) həyata keçirilməli olduğunu deyən millət vəkili Qənirə Paşayeva ona kömək etməyin vacibliyini qeyd edib: "Mən Parlamentdən səhiyyə və əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə səslənirəm: Rüxsarə Cumayevaya təcili kömək etmək lazımdır".
Qaynar.info