Vladimir Putinin təhdidlərinə və Rusiyada elan etdiyi səfərbərliyə baxmayaraq, Ukraynanın müttəfiqləri hələ də yanaşmalarını dəyişməyə və Kiyevin tələb etdiyi daha ağır və müasir silahlarla təmin etməyə hazır deyillər.
Avropanın yüksək rütbəli rəsmisi "Bloomberg”ə
bildirib ki, silah təchizatında və ya Qərb ölkələrinin əvvəllər avadanlıqların tədarükü ilə bağlı öz qarşılarına qoyduğu tabulardan imtina edilməsində ciddi irəliləyiş olacağı ehtimalı azdır. O, ABŞ-ın ehtiyatlı olduğunu və Avropa ehtiyatlarının məhdud olduğunu söyləyib.
Rusiyanın bəyanatları Pentaqonun Ukraynaya dəstək yanaşmasına "təsir etmir”, - Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder Putinin səfərbərlik elan etməsindən bir gün sonra deyib. Onun sözlərinə görə, hazırda Ukraynaya dəstək üçün ayırmalar iki illik nəzərdə tutulur. Lakin əvvəldən nəyin tədarük ediləcəyi ilə bağlı qərarlar tammiqyaslı dünya müharibəsinin qarşısını almaq üçün tənzimlənir.
Bazar günü Ukrayna prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində işğal olunmuş ərazilərin azad edilməsini sürətləndirmək üçün çoxsaylı raket sistemləri, artilleriya, hava hücumundan müdafiə sistemləri və tankların daha da çox tədarükünə çağırıb. Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Putinin çıxışından sonra Twitter-də "Rusiyanın eskalasiyasına ən yaxşı cavab HIMARS, ATACMS, Abrams, Leopardsdır”, - yazıb.
Ukrayna aylardır ki, 300 km-ə qədər mənzilli ATACMS raket sistemləri istəyir, lakin ABŞ onların Rusiyadakı hədəfləri vurmaq üçün istifadə oluna biləcəyindən qorxur. Qərb ölkələri NATO ölkələrinin arsenalında olan ABŞ "Abrams” və alman "Leopards” kimi tankları tədarük etməyə hazır deyil.
Ukraynaya planlaşdırılan tədarüklərlə tanış olan dörd rəsminin sözlərinə görə, Avropa hökumətlərinin Ukraynaya ağır silah tədarükünün yeni mərhələsinə başlaya biləcəyinə dair hələ heç bir əlamət yoxdur. Onların fikrincə, "Leopard” tankları əsas maneəyə çevrilib. Onlardan bir neçə NATO ölkəsi istifadə edir, ancaq Almaniyanın icazəsi ilə onları istənilən yerə tədarük edə bilər, istehsalçı ölkə isə öz razılığını vermir. Vəziyyətlə tanış olan şəxsin sözlərinə görə, Almaniya hökumətinə "Leopard”ların Ukraynaya ixracı ilə bağlı rəsmi müraciət olmayıb.
ABŞ Ukraynanın daha güclü silahlar tələbini nəzərdən keçirir. Pentaqon rəsmisinin sözlərinə görə, Vaşinqton "Hellfire” raketləri ilə silahlanmış "Grey Eagle” pilotsuz uçuş aparatlarının tədarükünə razılıq verə bilər. Amma Ağ Ev münaqişənin genişlənməsindən və NATO-nun bura cəlb olunacağından ehtiyat edərək, Ukraynanı hələlik qırıcı təyyarələrlə təmin etmək istəmir.
Nizami Bağırov
Şərhlər