Xəbər lenti

Qərbin rus oliqarxlarına qarşı sanksiyaları Putini silkələyə biləcəkmi?
11:17 14.02.2022

Qərbin rus oliqarxlarına qarşı sanksiyaları Putini silkələyə biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu təklif Rusiya elitası daxilində parçalanma yaratmağa və belədə Putini aqressiv addımlardan çəkindirməyə hesablanıb. Lakin onun reallaşması Qərb üçün o qədər də asan məsələ deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Böyük Britaniya və Almaniyada Ukraynaya hücum olacağı təqdirdə, rusiyalı oliqarxların Qərbdə yerləşən əmlak və bizneslərinin müsadirə olunması barədə səslənən təklif və onun baş verməsinin Putin Rusiyasına nə dərəcədə təsir edəcəyilə bağlı sualı dəyərləndirərkən deyib:  
"Kremlin Ukraynaya hücum edəcəyi təqdirdə, Rusiya oliqarxlarına qarşı belə bir sanksiyanın qəbulu əslində Qərbin özündə də ciddi müzakirə mövzusuna çevrilib. Çünki ortada əmlak və mülkiyyət toxunulmazlığı məsələsi var. Bu günə qədər Londonda olan hər hansı bir oliqarxın əmlakı, mülkiyyətilə bağlı Britaniya hökuməti heç bir sual vermədiyindən, həmin məsələ bu ölkə daxilində, mətbuatında, siyasiləri arasında ciddi diskussiya yaradıb”. 
Ekspertə görə, ancaq bu addıma gedilməsi Qərb üçün elə də asan məsələ olmayacaq. Yalnız məhkəmə qərarları ilə hansısa hesabların bağlanması və ya əmlakın müsadirə edilməsi mümkün ola bilər: 
"Sanksiyalarla bunu etmək isə mülkiyyət toxunulmazlığı və məhkəmələrlə bağlı Britaniyanın əsrlər boyu yaratdığı güvəni zədələyə bilər”. 
N. Cəfərliyə görə, Putinə yaxın olan oliqarx, biznes çevrələrinin, məmurların əmlakına, vəsaitlərinə əl qoyularsa, bu hal Rusiya elitası daxilində istər-istəməz prezidentlərinə qarşı müəyyən narazılıq yaradacaq: 
"Bu fonda onlar hətta Putinə təsir etmək üçün ciddi addımlar da ata bilərlər. İndiyə kimi, hakim elitanın Putini dəstəkləməsinin əsas səbəblərindən biri məhz vəsaitlərə çıxış imkanları əldə etməsi olub. Bu vəsaitlərin əldən çıxması isə Putinə qarşı, açıq və ya gizli şəkildə xəbərdarlıqların baş qaldırmasına gətirib çıxara bilər”. 
Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi halında Rusiya oliqarxlarının Almaniyadakı daşınmaz əmlakı sanksiya kimi müsadirə oluna bilər. 
Bu barədə Bundestaqdakı Azad Demokratik Partiyasının (FDP) fraksiyasının sədr müavini Aleksandr Lambsdorff Bild telekanalının efirində bildirib.
O, Rusiyadan olan bəzi oliqarxların "Berlində böyük holdinqlərə sahib olduğuna” işarə edib. "Əgər X-in daşınmaz əmlakını maliyyələşdirmək üçün istifadə olunan vəsaitin mənbəyinə əmin deyiliksə, X-in daşınmaz əmlakını rekvizisiya etməliyik”, - DW deputatın sözlərindən sitat gətirib.
Üstəlik, onun fikrincə, Rusiya prezidenti Vladimir Putinə aydın olmalıdır ki, Ukraynaya hücum "Avropa ilə münasibətlərin sonu” demək olacaq.
Onu da xatırladaq ki, daha əvvəl Britaniya mediası da rus qoşunlarının Ukraynaya hücum edəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinə yaxınlığı olan rusiyalı milyarderlərdən hansının anti-Rusiya sanksiyalarına məruz qala biləcəyi ilə bağlı yazı dərc etmişdi.
Rüfət Sultan

Oxşar xəbərlər