ABŞ-da 55 yaşlı bir proqramçı keçmiş iş yerinin kompüter sisteminə zərər verən və şirkətə yüz minlərlə dollar ziyan vuran zərərli proqram kodu yaymaqda ittiham olunur.
Qaynarinfo xəbər verir ki, indi onu 10 ilə qədər həbs cəzası gözləyir.
ABŞ Ədliyyə Nazirliyinin cümə günü verdiyi açıqlamaya görə, Devis Lu adlı proqramçı Ohayo ştatının Dublin şəhərində yerləşən enerji idarəetmə şirkəti "Eaton Corp."un "mühafizə olunan kompüterlərinə qəsdən zərər vurmaq" ittihamı ilə məhkəmə tərəfindən günahkar bilinib.
Ədliyyə Nazirliyi bildirib ki, Lu təxminən 11 il "Eaton Corp."da çalışıb və 2018-ci ildə şirkətdə aparılan "yenidənqurma" nəticəsində vəzifəsinin azaldılmasına görə məyus olub və narazı qalıb. Nazirliyin açıqlamasına əsasən, onun şirkətin kompüter sistemlərinə müdaxilə cəhdləri həmin il başlayıb və növbəti ilə qədər fərqli növ zərərli kodlar yerləşdirməkdə davam edib.
Bu kodlar iş yoldaşlarının profil fayllarını silir, sistemə girişləri bloklayır və sistem çökmələrinə səbəb olan "sonsuz dövrələr" yaradır. Ədliyyə Nazirliyi bildirib ki, Lu bu kodlara "Eaton Corp."un iş proseslərini yavaşlatmaq və ya tamamilə dayandırmaq məqsədilə yapon dilində "məhv" mənasını verən "Hakai" və çin dilində "lənglik" mənasını verən "HunShui" adlarını qoyub.
Lakin bəlkə də ən böyük zərəri Lu tərəfindən xüsusi olaraq hazırlanmış "söndürmə düyməsi" (kill switch) verib.Ədliyyə Nazirliyinin məlumatına görə, bu "söndürmə düyməsi"nin Lu tərəfindən yaradıldığı ehtimal edilir, çünki o, "IsDLEnabledinAD" adlandırılıb. Bu ad "Devis Lu Active Directory-də aktivdirmi?" sualının qısaltmasıdır. Nazirlik qeyd edib ki, bu düymə Lu 2019-cu ildə işdən çıxarılan gün "avtomatik olaraq işə düşüb" və dünya üzrə "Eaton Corp."un istifadəçilərinə təsir edib.
"Eaton Corp."un nümayəndələri sistemin çökməsinə səbəb olan sonsuz dövrəni dayandırmağa çalışarkən zərərli kodu aşkar ediblər. Məhkəmə sənədlərinə görə, qısa müddət sonra kodun məhz Lunun istifadəçi hesabından istifadə edilən bir kompüterdən işə salındığı və yalnız onun proqramçı kimi giriş imkanı olan bir serverdə yerləşdirildiyi müəyyən edilib. Sənədlərdə həmin serverdə istifadəçi profil məlumatlarını silən və "söndürmə düyməsi"ni aktivləşdirən digər zərərli kodların da olduğu bildirilir.
Bundan əlavə, Ədliyyə Nazirliyi Lunun internet axtarış tarixçəsini araşdırıb və onun "icazələrin artırılması, əməliyyatların gizlədilməsi və faylların sürətlə silinməsi üsullarını" öyrəndiyini, eləcə də iş yoldaşlarının sistem problemlərini həll etməyə dair səylərini əngəlləməyə niyyətli olduğunu göstərən sübutlar tapıb.
Məhkəmə sənədlərinə əsasən, Lu istintaqçılara "sonsuz dövrələrə" səbəb olan kodu özü yazdığını etiraf edib. Lakin onun vəkili İan Fridman "Cleveland.com"a açıqlamasında münsiflər heyətinin qərarından "məyus olduqlarını" və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını bildirib.
Fridman deyib: "Devis və onu dəstəkləyənlər onun günahsız olduğuna inanır və bu məsələ apellyasiya məhkəməsində araşdırılacaq".
Ədliyyə Nazirliyi cəzanın elan ediləcəyi tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
Aydın
Şərhlər