Xəbər lenti

Dünya 13:42 19.08.2024

"Qəzza məsələsi böyük ölçüdə həll edilib, hədəfdə Hizbullahdır" - Ekspert

"Atəşkəs razılığı qısamüddətli olacaq. İsrail artıq Qəzza məsələsini böyük ölçüdə həll edib, indi hədəfdə Hizbullahdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Co Baydenin Doha danışıqlarından sonra Qəzza zolağında atəşkəsin mümkünlüyü barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

"HƏMAS-ın İsrailə 7 oktyabrda etdiyi hücum ona baha başa gəldi. 40 mindən çox sivil insanın ölümü ilə nəticələnən cavab hücumu hələ də davam edir. İsrail HƏMAS-ı tamamilə bitirməyə söz verib və bu sözünə də əməl etmək fikrindədir. HƏMAS-ın girov götürdüyü insanların isə sağ olduğu böyük şübhə doğurur. Məsələ ondadır ki, HƏMAS onları yeraltı tunellərdə saxlayırdı. İsrail ordusu isə həmin tunellərin böyük əksəriyyətini məhv edib. Bu mənada hesab etmək olar ki, oradakı bütün insanlar da həlak olub", deyə Azər Qasımov bildirib.
 

 
Həmsöhbətimizə görə, HƏMAS iddia edirsə ki, girovlar sağdır, onda bəzi həqiqətlərlə üzə çıxır:

"Belə ki, əgər bu insanlar belə dağıntılara baxmayaraq sağdırlarsa, deməli, ya hələ də Qəzza ərazisində gizli tunel və məkanlar mövcuddur, ya da onlar Misir ərazisinə keçirilib. Bunun özü də insident yaradır. Bunda Misir dövlətinin əli olduğu aşkarlanır".

Ekspertin fikrincə, girovlar hələ də Qəzza ərazisində saxlanılırsa, İsrail ordusu bu məkanları müəyyən etmədən geri çəkilməyəcək:

"Əslində, görünən də odur ki, İsrail hakimiyyəti HƏMAS-ı məhv etməyi o qədər gözə alıb ki, girovların varlığı artıq onlar üçün əhəmiyyət kəsb etmir".

Bu deyilənlərə əsasən, Azər Qasımov hesab edir ki, İsrail hakimiyyətinin atəşkəs danışıqları imitasiyadan başqa bir şey deyil: 

"Atəşkəs razılığı olsa belə, qısamüddətli olacaq. İsrail artıq Qəzza məsələsini böyük ölçüdə həll edib, indi növbə Hizbullahındır. Bu baxımdan, HƏMAS-la qısamüddətli sülhün olması ehtimalı istisna deyil".

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin sözlərinə görə, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına mane olan hərəkətlərdə qarşılıqlı ittihamlara baxmayaraq, Qəzza zolağında atəşkəs mümkün olaraq qalır. Bu barədə "The Times of İsrael" məlumat yayıb. 

Qəzetin yazdığına görə, Bayden jurnalistlərə danışıqların hələ davam etdiyini və "təslim olmadıqlarını" deyib və əlavə edib ki, razılaşma "hələ ki, mümkündür". 

Xatırladaq ki, bir neçə gün əvvəl Dohada Qəzzada atəşkəsin əldə edilməsilə bağlı danışıqlar oldu. Danışıqlar prosesinin davamı isə Misirdə olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->