Ekonomiks 16:27 13.12.2022

“QHT-lər bütün ölkədə monitorinq apara bilərlər” - Ekspert

"Hüquqi baxımdan ekoloji sahədə monitorinq və yaxud qiymətləndirmə aparan QHT-lər Azərbaycan ərazisində ekomühitə aid bütün yerlərdə fəaliyyət göstərə bilərlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu Azərbaycanda mövcud olan qızıl, mis mədənləri və digər bu tip obyektlərdə QHT və ekoaktivistlərin monitorinq keçirmək niyyətlərinə münasibət bildirərkən deyib. Eksper bildirib ki, bununla bağlı məhdudiyyət yoxdur:

"Fərqi yoxdur Qarabağın yüksək hissəsi, aşağı hissəsi də, habelə, Daşkəsən, Gədəbəy, Naxçıvan və s. ərazilərdə də ekoaktivistlər monitorinq apara bilərlər. Yəni, hüquqi baxımdan hər hansı bir ərazilə bağlı məhdudiyyət yoxdur. Bütün QHT-lər bu fəaliyyəti apara bilər. 

Bu günə qədər Xəzər hövzəsində, Şəkidə, Qaxda, habelə Lənkəranda Hirkan qoruğunun qırılmasına qarşı QHT-lərin monitorinq aparmalarının şahidi olmuşam. Hətta keçirilən bu monitorinqlər problemlərin aradan qaldırılmasına xidmət edib. Daşkəsən və Gədəbəydəki qızıl, mis mədənlərində QHT və ekoaktivistlərin monitorinq keçirmələrinə gəldikdə, bu istiqamətdə cəhdlərin olduğundan xəbərsizəm”. 

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev təəssüflə bildirir ki, QHT nümayəndələrimiz, ekoaktivistlər Azərbaycan ərazisində olan mis, qızıl mədənlərində monitorinq apara bilmirlər:

"Buna imkan vermirlər, heç onları əraziyə belə yaxın buraxmırlar. Britaniyadan olan şirkətin fəaliyyət göstərdiyi Gədəbəydəki mədənlərdə monitorinq aparmağa imkan verilmir. Bu sahədə qeyri-şəffaflıq hökm sürür. Ona görə də zəngin ehtiyatlara malik mədənlərimizdə vəziyyətin nə yerdə olduğundan cəmiyyət xəbərsizdir. Həmin mədənləri istismar edən xarici şirkətlərə məktubla müraciətlər edilsə də, ekoaktivistlərin monitorinq aparmalarına şərait yaratmırlar”.
 
Rüfət Sultan