"BQXK bu addımı ilə Azərbaycan qanunlarını pozub”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev BQXK-nin Ermənsitandan Azərbaycanın Qarabağ bölgəsinə humanitar yardım aparmaq adı ilə qaçaqmalçılıqla məşğul olması faktını şərh edərkən deyib:
"Bu məsələyə görə BQXK-nin özünü ittiham etmək hələlik tezdir. Çünki BQXK hansı ölkədə fəaliyyət göstərirsə, işçilərin əksəriyyətini də həmin ölkədən götürür. Qaçaqmalçılıqla da qurumun məhz Ermənistandan götürdüyü sürücülər məşğul olub. Təbii ki, buna görə BQXK-nin də günahı var. Məhz bu qurumun götürdüyü işçilər qaçaqmalçılıqla məşğul olublar.
1961-ci ilin Vyana Konvensiyasına görə, dəqiq məlumatlar olmadığı halda, beynəlxalq təşkilatlar toxunulmazdırlar. Azərbaycan baş vermiş olaydan yararlanaraq, prosesin bundan sonra BQXK-nin Bakı ofisi tərəfindən həyata keçirilməsinə nail olmalıdır. Digər tərəfdən, qaçaqmalçılıqla məşğul olan Ermənistan vətəndaşlarına qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206-cı maddəsilə cinayət işi qaldırılmalıdır. Eyni zamanda, onlara münasibətdə vergidən yayınmaqla bağlı 209-cu maddə üzrə də cinayət işi qaldırılmalıdır. Azərbaycan məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməlidir. Çünki Azərbaycan BQXK-nin Ermənistandan ölkəmizə həmin əraziyə keçidinə qadağa qoyub”.
Həmsöhbətimiz bildirir ki, BQXK Ermənistanın qurumun nizamnaməsini pozaraq, qeyri-qanuni olaraq qaçaqmalçılıqla məşğul olduğu barədə qərar qəbul etməlidir:
"Eyni zamanda, BQXK sözügedən yardımları Ermənistan yox, qurumun Azərbaycandakı ofisinin həyata keçirməsi barədə də qərar verməlidir. Bunun edilməsi həm erməni separatizminə, həm də onları qızışdıran rus sülhməramlılarına ağır zərbə olacaq və İrəvan bu məsələdə təklənəcək”.
Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə humanitar yardım adı altında Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının qanunsuz şəkildə qaçaqmalçılıq fəaliyyətilə məşğul olduqlarını aşkarlayıblar.
Rüfət Sultan