Xəbər lenti

“Qızıl əfv” ümidi indi də maya qaldı
Ölkə14:30 20.03.2015

“Qızıl əfv” ümidi indi də maya qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev martın 18-də növbəti əfv sərəncamı imzaladı. Sərəncamla 101 nəfər cəzadan azad edildi; bunlardan 90 nəfəri həbsdən buraxıldı, 7 nəfərin cəriməsi bağışlandı, 4 nəfər isə islah işlərindən azad olundu. Bu sərəncamla siyasi məhbusların bir qisminin azad ediləcəyi gözlənilsə də, yalnız 4 nəfəri əfvə düşüb. 
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, sabiq müsavatçı Orxan Əyyubzadə, iki hicab məhbusu Anar Qasımlı və Ramil Vəliyev azadlığa buraxılıb. Hüquq müdafiəçiləri əfv siyahısına NİDA üzvlərinin, Müsavat başqanının müavini Tofiq Yaqublunun, REAL Hərəkatının sədri İlqar Məmmədovun, sabiq səhiyyə naziri Əli İnsanovun və prezidentin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin adının daxil edildiyi bildirmişdilər. Amma əfv ümidləri doğrultmadı. 
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a bildirib ki, ümumilikdə əfv fərmanının verilməsi müsbət haldır: “Mən istəməzdim ki, yenidən bu fərmanı araşdıraq. Ancaq onu da deməzdim ki, ümidləri doğrultmadı. Hər bir halda bu, mənim subyektiv fikrimdir. Çünki əfv verilməsini müsbət qiymətləndirirəm, yüzlərlə insan ailəsinə qovuşdu. Hər bir əfv özlüyündə müsbət haldır. Bizim siyahıdan isə 4 nəfər siyasi dustaq azadlığa çıxdı. Bu istiqamətdə işlərimizi davam etdiririk. Ümid edirik ki, mayda əfv olsun və siyahımızda qalanlar da çıxsınlar”.
Hüquq müdafiəçisi qeyd edib ki, Ə.İnsanov da onların siyahısında yer alırdı, A.Muradverdiyev üçün səhhətinə görə ayrıca müraciət olunmuşdu: “Ancaq müsbət cavab verilmədi. Arzu edirik ki, növbəti əfv fərmanında siyahımızda heç kəs qalmasın”.
Müsavat başqanı Arif Hacılı facebook səhifəsində əfvi belə qiymətləndirib: “İmzalanan əfv fərmanı ilə nəinki siyasi məhbus problemi həll edilmədi, hətta bu istiqamətdə bir addım da atılmadı. Bu fərman Azərbaycan hakimiyyətinin cəmiyyətlə hesablaşmaq niyyətində olmadığını, bəyan etdiyi demokratik prinsiplərə, götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyini bir daha nümayiş etdirdi”.
Müsavat başqanının müavini Elman Fəttah bu əfv fərmanını siyasi məhbus problemini həll edəcək sənəd hesab etmir. Onun sözlərinə görə, hakimiyyət vicdan məhbuslarını sındırmaqla, aman dilətməklə azadlığa buraxmaq xəttini tutub: “Biz isə tələb edirik ki, günahsız yerə həbs olunanlar azad edilsin. Onlar öz ləyaqəti ilə azadlığa çıxmalıdır. Penitensiar Xidmət siyasi məhbuslardan alçaldıcı müraciətlər yazmağı tələb edir. Bəzilərindən alınan bu müraciətlər isə onları qane etməyib və aylar əvvəl əfv ərizəsi yazsalar da, hələ də həbsdə saxlanırlar”. 
E.Fəttah İşçi Qrupunun əhəmiyyətsiz quruma çevrildiyini düşünür: “Mən bu qurumda təmsil olunan və özünü ləyaqətli sayan şəxsləri oranı tərk etməyə çağırıram. Çünki bu, hökumətin layihəsidir”.
Başqan müavini Avropa Şurası həmsədrlərinin Tofiq Yaqublu ilə niyə görüşmədiyinə aydınlıq gətirdi: “İlqar Məmmədov və Rəsul Cəfərov Avropa institutlarının məmurlarıdır. Ona görə də bu məsələdə ayrı-seçkilik görmürəm. Avropa Şurası və Avropa Birliyi siyasi məhbusların azad olunması üçün çalışır. Eyni zamanda Fərəc və Sirac qardaşları, Tofiq Yaqublu və Yadigar Sadıqov vicdan məhbusu elan edilib. Görüşməmək onların öz seçimidir. Ancaq həmsədrlərdən biri Tofiq Yaqublu ilə 13-cü cəzaçəkmə müəssisəsində bir dəfə görüşüb”. 
Qaynar.info