Xəbər lenti

Qızıl Trampın rüsumlarla bağlı təhdidləri fonunda rekordlarını yeniləyir
Dünya 17:28 10.02.2025

Qızıl Trampın rüsumlarla bağlı təhdidləri fonunda rekordlarını yeniləyir

Qızılın qiymətləri bazar ertəsi yeni tarixi maksimumlar müəyyənləşdirib – ABŞ prezidenti Donald Trampın yeni rüsumlar tətbiq etmək planları barədə xəbərdarlığından sonra dünya ticarət müharibəsi ilə bağlı narahatlıqlar fonunda sığınacaq aktivlərinə tələbat artıb.  

Qaynarinfo xəbər verir ki, Bakı vaxtı ilə 15:35-də qızılın spot qiyməti 1,54% bahalaşaraq üç troya unsiyası üçün 2.904,49 dollara yüksəlib, seans ərzində isə rekord həddə – 2.905,98 dollara çatıb.  

Exinity Group-dan Han Tan bildirib ki, "Qiymətli metalın artım tendensiyası Trampın təhdidləri qlobal maliyyə bazarlarında qorxu və qeyri-müəyyənlik yaratdığı müddətcə davam edəcək”.  

Bazar günü ABŞ prezidenti Donald Tramp bütün idxal olunan polad və alüminiuma 25%-lik yeni rüsumlar tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bu rüsumlar artıq qüvvədə olan metal idxal rüsumlarına əlavə ediləcək.  

Bu həftə investorların diqqəti həmçinin ABŞ-ın istehlak qiymətləri indeksi (CPI) və istehsalçı qiymətləri indeksi (PPI) üzərində olacaq. Bu göstəricilər ABŞ-da faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı ipucu verə bilər.  

Qızıl iqtisadi və geosiyasi təlatümlər zamanı təhlükəsiz investisiya hesab edilir. Lakin faiz dərəcələrinin artması faiz gəliri gətirməyən bu aktivin cəlbediciliyini azaldır.  

Exinity Group-dan Tan əlavə edib: "Əgər ABŞ-ın istehlak qiymətləri indeksi gözləniləndən yüksək olarsa və bu, Federal Ehtiyat Sisteminin (FES) növbəti faiz dərəcəsi azaldılmasını daha da təxirə salarsa, bu, spot qızılda dərhal mənfəət götürmə əməliyyatlarına səbəb ola bilər”.  

Londonda birjalarda saxlanılan qızılın həcmi yanvarda əvvəlki ayla müqayisədə 1,7% azalaraq 8.535 metrik tona, dəyəri isə 771,6 milyard dollara düşüb. Buna səbəb ABŞ-a tədarüklərin kəskin artmasıdır. Bu barədə London Qiymətli Metallar Bazarı Assosiasiyası məlumat verib.  

Palladium 0,93% bahalaşaraq bir unsiyası üçün 973,75 dollara, gümüş isə 1,32% bahalaşaraq 32,24 dollara çatıb.  

Platin qiyməti isə 0,83% artaraq 984,49 dollar olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->