Xəbər lenti

Qobustanda "su qiyamı" - İcra başçısı söz verdi
Ölkə12:39 29.06.2014

Qobustanda "su qiyamı" - İcra başçısı söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İcra başçısı Adil  Məmmədov su əvəzinə söz verdi
Qafqaznews.az verdiyi məlumata görə  bu gün saat 11:00 radələrində Qobustan şəhərinin (keçmiş Nərimankənd və Mərəzə) bir qrup sakini yayın qızmar vaxtında şəhərdə suyun olmamasına etiraz edərək respublika əhəmiyyətli yolu kəsbilər. 
Şikayətçilər bildiriblər ki, şəhər sakinləri vaxtaşırı 1 maşın suya 25 manat verirlər.
Hadisə yerinə təcili gələn Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlərə söz verib ki, yaxın günlərdə  su problemi həll olunacaq.
Məlumatda o da bildirilir ki, ölkə başçısının qayğısı nəticəsində Qobustana şəhər statusu verilsə də ictimai yerlərin heç birində iş getmir. Şəhərdə sadəcə, "quruculuq və abadlıq" işləri adıyla böyük məbləğdə milyonlar talan olunur.
Mövzu ilə bağlı Qobustan rayon İcra Hakmiyyətinin də mövqeyi gecikməyib. İcra Hakmiyyətindən Qaynar.info-ya daxil olan məktubda məsələyə münasibət bildirilib. Həmin müraciəti olduğu kimi təqdim edirik: 
"“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”  çərçivəsində respublikamızın bütün bölgələrində su və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam edir. 
Bu inkişafdan Qobustan rayonuna da pay düşmüşdür. 
Qeyd edək ki, Qobustan şəhəri bir qəsəbə, bir kəndin birləşməsindən ibarət olduğu üçün burada şəhər infrastrukturu mövcud olmamışdır. Su problemi isə Qobustan rayonunda uzun illər  əhalini narahat edən əsas məsələlərdən olmuşdur.  Lakin son 3 ildə bu problemin həlli istiqamətində ciddi işlər aparılmış, bu sahədə əsaslı dönüş  yaranmışdır. Belə ki,  2012-ci ilin iyun ayında Qobustan şəhərinin bir hissəsinə içməli su xətti çəkilişi başa çatdırıldı. 219 mm diametrli boru ilə 31300  metr su xətti çəkilərək 600 kubmetrlik su anbarına qoşuldu. Ümumilikdə Bədəlli-Qobustan xəttinin uzunluğu 25 kilometrdir. Hazırda Xaltava və Təsi su xətlərindən 2 su anbarı qidalanır və şəhər əhalisinə əlavə olaraq sutkada 300 kubmetr su verilir. Dövlət proqramında nəzərdə tutulduğu kimi, rayonun Təsi kəndində əlavə olaraq 8 artezian quyusu qazılır. Təsi xətti ilə gələn suyun Qobustan şəhərinə ötürülməsi üçün Bədəlli kəndində və “Daşarası” adlanan ərazidə 1000 tonluq su anbarları, həmçinin Bədəllidə su nasosu stansiyası tikilib. Artıq Təsi, Bədəlli və Sədəf kəndləri içməli su ilə təmin olunub. Həmçinin bu ilin may ayında Yaponiya hökumətinin maliyyə yardımı ilə Xilmilli kənd sakinlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə kənddə su sisteminin inşası reallaşmışdır. 
Qalan kəndlərin içməli su ilə tam təminatı da yaxın vaxtlarda  nəzərdə tutulub, əlavə su anbarlarının tikilməsi planlaşdırılır.  Xaltava su xəttində suyun sutkada 50 kubmetr  artırılması üçün  iş gedir. Bütün işlər başa çatandan sonra əhalinin 24 saat fasiləsiz içməli su ilə təmin edilməsi mümkün olacaqdır.
Qobustan şəhər əhalisinin su ilə bağlı tələbinə gəlincə bildiririk ki, bu məsələ mövcud suyun şəhər sakinlərinə düzgün bölüşdürülməsi məqsədini daşıyır. 
Eyni zamanda qeyd etmək lazımdır ki, ilin quraq keçməsi əhalinin suya olan tələbatının artmasına, su anbarlarında suyun azalmasına səbəb olmuşdur.  Lakin bütün bunlara baxmayaraq şəhər əhalisinin müntəzəm olaraq su ilə təminatı daim diqqətdə saxlanılmış,  hətta su təminatı zəif olan məhəllələrə(o cümlədən şəhərin Nərimankənd hissəsinə) maşınlarla su daşınması təmin edilmişdir.  Sakinlər şəhərin Nərimankənd hissəsində su dayağının quraşdırılması tələbi ilə RİH-nin başçısına müraciət etmişlər və müraciət müsbət qəbul olunmuşdur. Onu da qeyd edək ki, “Azərsu” ASC-dən verilən rəsmi arayışa (arayış əlavə olunur) əsasən avqust ayının 1-dən su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı tenderin keçiriləcəyi və sentyabr ayından etibarən  layihənin icrası ilə əlaqədar  işə başlanacağı bildirilmişdir.  Qobustan RİH başçısının sakinlərlə görüşü zamanı söylədiyi fikirlər   görülən işlərə və “Azərsu” ASC-dən verilən rəsmi arayışa əsaslanmışdır. Layihənin reallaşması isə Qobustan şəhər əhalisinin 24 saat fasiləsiz su ilə tam təminatı deməkdir. 
Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılması Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) ilə birgə maliyyələşdirilən 
 “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” çərçivəsində həyata keçirilir. Bu məqsədlə 17 iyul 2014-ci il tarixdə ixtisas uyğunluğu prosedurunu keçmi, iddiaçı şirkətlərə tenderdə iştirak üçün dəvət məktubları və tenderin əsas şərtlər toplusu göndərilmişdir. 01 avqust 2014-cü  il tarixədək iddiaçılar tərəfindən ayrı-ayrı  zərflərdə texniki və maliyyə təkliflərinin təqdim olunması gözlənilir. Tenderin həyata keçirilməsi  üçün qəbul edilmiş bir mərhələli iki zərfli satınalma proseduruna əsasən, təkliflərin son təqdim olunma tarixində yalnız texniki təkliflər açılır və texniki təkliflərin qiymətləndirilməsi aparılır. Texniki təkliflərin qiymətləndirilməsi üzrə hesabat Tender  komissiyasi tərəfindən təsdiq edildikdən sonra razılaşdırılması üçün  YBƏA-ya göndəriləcək.  YBƏA-da  texniki  qiymətləndirmə ilə bağlı razılıq məktubu aldıqdan sonra iddiaçı şirkətlərə müvafiq bildiriş məktubları göndərməklə, maliyyə təkliflərinin açılış tarixi barədə məlumat veriləcək. Texniki qiymətləndirmədən keçməyən iddiaçıların maliyyə təklifləri açılmadan geri qaytarılacaq. 
Maliyyə təklifləri açıldıqdan sonra yekun qiymətləndirmə aparılacaq, və müvafiq hesabat razılaşdırılması üçün YBƏA- ya  göndəriləcək. Agentliyin müsbət rəyi alındıqdan sonra Tender Komissiyası tərəfindən yekun protokolun imzalanması planlaşdırılır. 
Qeyd olunan satınalma prosedurlarına əsasən Qobustan şəhəri su  və kanalizasiya sistemlərinin yenidən quraşdırılması üzrə tikinti - quraşdırma işlərinin 2014-cü ilin sentyabr ayı ərzində  başlanması nəzərdə tutulur". 
Qaynar.info