Ölkə 14:06 03.01.2023

Qobustanda üç avtomobil toqquşub, ikisi yanıb, ölən var (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində  yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir: 

"Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. 

Yanğın həcmi 20 ton olan "Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu "KamAZ” markalı yük avtomobili və "Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub. 

"KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".
 
10.16

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

BDYPİ-dən Qaynarinfo-ya bildirilib ki, bu gun Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

Qəzada "Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və "KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə yanacaqdaşıyan "Mercedes” markalı avtomobilin sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən isə bildirilib ki, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

Qeyd edilib ki, bu gün səhər saatlarında FHN-in "112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.

Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

09.50
 
Qobustanda "KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.