
Qobustan rayonunun Hilmilli kəndinin münbit torpaqlarını Bakıya daşıyırlar
Qobustan Rayon İcra Hakimiyyətinin (RİH ) işindəki nöqsanlarla bağlı qafqaznews.az saytı yeni məlumat yayıb.
Məlumata bildirilir ki, bir neçə gün öncə rayonun inzibati mərkəzi olan Qobustan şəhərində içməli suyun olmaması, sakinlərin çox baha qiymətə su alması barədə yazmışdıq. Hətta su çatışmazlığına etiraz edərək yolu kəsən vətəndaşlarla icra başısı Adil Məmmədov özü görüşərək onlara tezliklə su problemini həll edəcəyini söz verib.
Sayt xəbər verir ki, rayonda sözügedən problemin həll olunması ilə bağlı heç bir dəyişiklik yoxdur, sadəcə xeyli sayda boru gətirib töküblər.
Məlumatda həmçinin bildirilir ki, Qobustan rayonunun Hilmilli kənd sakinlərindən imkanlı məmurlar torpağın bir hektarını 500 dollara alırlar. Sonra həmin torpağı iri “Shadman”, “KamAZ” maşınlarına yükləyərək Bakıya bağlara daşıyırlar.
"Hilmilli kəndinin bütün münbit torpaq sahələrini bu torpaq alverçiləri məhv edib. Görəsən, bu biabırçılığa ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və rayonun icra başçısı Adil Məmmədov niyə göz yumurlar..?", - deyə sayt iddia edir.
Qaynar.info