
Əsəd Qaraqaplan
Bayramla bağlı bir neçə günlük kəndə getdiyimdə qəribə bir şey müşahidə elədim. Demək, son illər qonşular arasında qəribə bir hasarlanma, sıxı sərhədlənmə getmiş, artıq kimsə kimsənin həyətini, hətta demək olar, evini də görmür. Elə bil eyni məkan içərisində insanlar bir-biriləriylə müharibə şəraitində yaşayır, bir-birilərini düşmən kimi görür və bir-birilərindən sürətlə qaçırlar…
Ancaq əvvəllər belə deyildi, yəni biz uşaq olanda. Həyətlər arasında uzağı “setka”, ya da adi çəpər olardı – ağac budaqlarından. Onda qonşu uşaqları da keçib bir-birilərinin həyətində rahat gəzib-toza, oynaya bilir, hətta qonşu bağlarına meyvə oğurluğuna da rahat gedə bilirdilər. Elə bil onda hər şey sərhədsiz idi, insanlar da daha mehriban və daha iç-içə idilər…
Qəribəsi odur ki, bu təkcə bizim kəndimizdə belə deyil; get-gedə yadıma düşdü ki, elə ətraf kəndlər və Azərbaycanın gördüyüm kəndləri də eyni yadlaşmaqda, sərhədləşməkdədir… Kim nə deyir-desin; bu mənə ümummilli faciəmiz kimi gəldi…
Avropa sürətlə sərhədsizliyə getdiyi halda, bizim kimi ölkələr sürətlə öz içindən hasarlanmağa, sıxı sərhədlənməyə başlayırlar. Azərbaycanın faciəvi durumunu heç də böyük yerlərdə və “böyük insanlar”da axtarmaq lazım deyil. Elə balaca kəndlərə və burdakı balaca insanlara baxmaq yetər gerçəyi anlamaq üçün. Bu ölkədə xalqın özü özünü, yəni insanlar bir-birilərini düşmən kimi görürlər. Başqa düşmənə gərək varmı bu durumda?
Burda insanlar elə bil bir-birinin qatı düşmənləridir. Kimsə kimsəyə inanmır, kimsə kimsəni sevmir, hamı alıb-aldatmaq istəyir sadəcə…
Hərdən xalqdan, birlikdən, nə bilim həmrəylikdən danışan insanlara bax belə faktları götürüb, belə pis çıxmasın, gözlərinə soxmaq istəyirəm. Ki, baxın o kor gözlərinizlə… Ancaq nə fayda, anlamaq istəyən zatən anlayır, anlamayanlar da elə…
Zatən hər kəs bu durumun içindədi; kimi bunu dərk edib ağrıyır, qəzəblənir, dözməyib dilə gətirir, kimi də anlayıb dərk edə bilmədiyi halda sadəcə susmaqla da qalmır, dözə bilməyib danışanları da söyüb-batırır, onları “xalq düşməni” elan edirlər…
Hərdən deyirlər ki, Azərbaycan xaqlı yerlibazdır-filan. Xeyir, mən deyirəm ki, Azərbaycan xalqı yerlibaz yox, ailəbazdır hətta. O, ancaq öz ailəsini – öz qarnını düşünür. Onun üçün qonşusu, eli, obası-filan yoxdur. Təkcə mənim həyətimə girən olmasın, qalanı nolur-olsun – düşünür…
Bəli, bu artıq yadlaşma və düşmənçilik – soyuq vətəndaş müharibəsidir.
P.S. Biz elə Qarabağı da qonşularımızdan qorxduğumuzdan itirdik, çünki ermənilər, elə ruslar da bizim qonşularımızdır.//litdiaspora.az