Qaynar.info 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli hadisələrin 28-ci ildönümü münasibətilə görkəmli alim, mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun faktlarla və fotolarla zəngin, eyni zamanda sözügedən hadisələrə fərqli – kifayət qədər elmi və analitik yanaşma ortaya qoyan araşdırmasının ikinci bölümünü təqdim edir.
Sumqayıt hadisələrindən başqa müstəvidə də istifadə edildi. Yağışdan sonra peyda olan göbələklər kimi keçmiş laboratoriya müdirləri, baş elmi işçilər, orta səviyyəli tənqidçilər və jurnalistlər həmin hadisələrdən istifadə edərək birdən-birə görkəmli demokratlara çevrildilər. Onlar əvvəllər öz mətbəxlərində oturub açıq kranlarından axan suyun şırıltısında bəzən bir-birlərini sataraq Sovet gerçəkliyinin ayrı-ayrı aspektlərini pisləyirdilər. Burada isə gözlənilmədən onların üzünə Azərbaycan istiqamətində geniş yol açıldı. Onlara hazırda tələbatın olduğunu başa düşərək, qara tarakanlar kimi mətbəxlərindən çıxmağa başladılar.
Bakının ünvanına yağdırdıqları odlu-alovlu iftiraların müqabilində onlar artıq su kəmərindəki suyun şırıltısını yox, öz himayədarlarının sürəkli alqışlarını eşidirdilər! Qəribədir ki, onların əksəriyyəti gözlənilmədən peyda olduğu kimi, gözlənilmədən də aradan çıxaraq yox oldular.
Moskvada Lujnikidə mitinq, may 1989-cu il. Tribunada B. Yeltsin, Q. Popov, N. İvanov, S. Stankeviç və T. Qdlyandır. Məhz bu mitinqdə “demokratik” quldur dəstəsi bütün demokratik qüvvələri Bakını ittiham və DQMV-dan olan separatçıları müdafiə etməyə çağırdı. Tribunada İvanovla Qdlyanın arasında dayanmış saqqallı intelligent isə A. Saxarovun DQMV üzrə simvolik köməkçisi idi. O, DQMV haqda materiallar hazırlayır, Saxarovla birgə ölkə ərazisinə səfərlər edirdi. Onlar birlikdə Bakıda da olmuşdular…
Tam cəsarətlə qeyd etmək olar ki, Sumqayıt hadisələrinə görə Bakıya ən böyük informasiya zərbəsini məhz akademik Andrey Saxarov və Harri Kasparov vurdular. Həmin illərdə dünya ictimaiyyəti onların səslərinə qulaq asırdılar.
Saxarov və Starovoytova Bakıda DQMV-dən olan separatçıları müdafiə edirlər.
Dekabr 1988-ci il
Müxtəlif ölkələrdə Sumqayıt hadisələrini qınayan siyasətçilərin aksiyaları, nümayişləri, aclıq aksiyaları, piketlər və s.
Burada qeyd etmək yerinə düşərdi ki, azərbaycanlıların Xocalıdakı soyqırımından sonra nə ABŞ-da nə də Avropada erməniləri qınayan hər hansı etiraz aksiyası (mitinq, piket...) keçirilmədi. Yalnız ayrı-ayrı məqalələr dərc olundu, hansı ki, orada əsl həqiqətlər yazmışdı. Qərbdə həqiqi mənada peşəkar və vicdanlı jurnalist də az deyil. Bu bir daha onu göstərir ki, dünyada ictimai rəyə seçkin və böyük diqqətlə yanaşmaq lazımdır, xüsusən də əgər həmin ictimai rəy hər hansı bir ölkəyə qarşı yönəlibsə, çünki bu rəy hədəfə aldığı ölkəni az qala dağıtmaq gücündədir. Sumqayıt hadisələri zamanı və sonrakı illərdə Azərbaycan bunu tam miqyasda hiss etdi.
İctimai rəyin manipulyasiyası ilə bir vaxtlar SSRİ özü də məşğul olub: kapitalist ölkələrində “sülh uğrunda mübarizə” və ya Anjelo Devis kimi ekstremistləri “vicdan məhbusu” adlandıraraq nümayişlər təşkil etməklə!
Sovet İttifaqının və Qərbin informasiya agentlikləri hamılıqla Ermənistanın tərəfində durmuşdular.
Sovet İttifaqı, Rusiya və dünya KİV-nin Ermənistan-Azərbaycan qarşıdurmasına münasibəti. Bakını, məsələn, Çexoslovakiyaya qoşun yeridən SSRİ-ni ittiham edən tonda qınayırdılar
Azərbaycana qarşı yönələn bu informasiya hücumu öz nəticələrini verməyə başladı – ictimai təşkilatlardan sonra Qərbin dövlət orqanları da işə qarışmağa başladı. 1988-90-ci illərdə bir sıra ölkələrin parlamenti, o cümlədən, ABŞ Konqresi və Avropa Parlamenti SSRİ rəhbərliyindən “Qarabağ probleminin həlli istiqamətində orada yaşayan əhalinin iradəsini əks etdirəcək tədbirlər” görməyi tələb etdi.
«Moskovskiye novosti” qəzeti yazırdı ki, Avropa Parlamenti 18 yanvar 1990-cı ildə ordunun Azərbaycana girməsini tələb edirdi.
Sumqayıt hadisələrindən sonra müxtəlif ölkələrdə DQMV-nin separatçılarına siyasi, maddi, informasiya və mənəvi dəstəyin dərəcəsi
ABŞ-da və bir sıra digər ölkələrdə gözəl anlamışdılar ki, istənilən separatçılıq SSRİ-nin dağılmasına gətirib çıxaracaq, odur ki, onlar müxtalif şüarlar altında bu cür hərəkətləri dəstəkləyirdilər.
“Sovet Ermənistanı xalqının istəyinə uyğun olaraq Dağlıq Qarabağ ətrafında mübahisənin sülh yolu ilə həll edilməsində ABŞ-ın köməyi haqqında” Senat komissiyasının qətnaməsində yazılır: “Prezident Qorbaçovu Dağlıq Qarabağın və demokratik hərəkatın nümayəndələri ilə (o cümlədən, bu yaxınlarda həbsdən azad edilmiş “Qarabağ” Komitəsinin üzvləri ilə) Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini müzakirə etməyə çağırmaq... Sovet İttifaqı ilə ikitərəfli danışıqlarda ermənilərə qarşı törədilən zorakılığın istintaqının ən yüksək instansiyalar tərəfindən aparılmasını tələb etmək ki, qətl və qırğınlara görə məsuliyyət daşıyanlar aşkar olunsun və cəzalandırılsın”.
19 iyul 1989-cu ildə ABŞ Konqresinin senatı yekdilliklə “Sovet Ermənistanı xalqının istəyinə uyğun olaraq Dağlıq Qarabağ ətrafında mübahisənin sülh yolu ilə həll edilməsində ABŞ-ın dəstəyi haqqında” qətnaməsini qəbul etdi.
19 noyabr 1989-cu ildə ABŞ Senatı Dağlıq Qarabağ haqqında daha bir qətnamə qəbul etdi. Qətnamədə Senat, “…Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 80 faizini erməni çoxluğun təşkil etdiyini, Sovet hökumətinin 1988-ci ilin 28-29 fevralında Azərbaycanın Sumqayıt şəhərində baş vermiş hadisələri qırğın kimi səciyyələndirdiyini, əvvəlcədən Sovet İttifaqı hökumətinin və xalqının pozitiv tədbirlər görərək Dağlıq Qarabağ Muxtar Vilayətinin xüsusi idarəetməsi üçün müvəqqəti komitənin yaradıldığlını və bu komitənin effektiv olmadığını nəzərə alaraq və bundan narahat olaraq Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir.
7 avqust 1989-cu ildə Cenevrədə BMT-nın insan hüquqları üzrə yardımçı komissiyasının iclasında Azərbaycan kəskin şəkildə ittiham edilmişdi və SSRİ hökumətinə DQMV-də “region əhalisinin çoxluğunun iradəsini müəyyən etmək məqsədilə” referendum keçirilməsi tövsiyə olunmuşdu. Bu tövsiyə birbaşa Dağlıq Qarabağı Azərbaycandan ayırmaq mənasina gəlirdi!
17 yanvar 1990-cı ildə Avropa Parlamenti Avropanın Daxil İşlər Nazirləri Şurasının və Avropa Şurasının Ermənistana və Dağlıq Qarabağa təcili yardım göstərilməsini, həmçinin erməniləri müfafiəsinin təşkilini nəzərdə tutan qətnamə qəbul etdi. Artıq 1990-cı ilin yanvar ayının 18-də bir qrup ABŞ senatoru Qorbaçova göndərdikləri məktubda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təmin etməyə çağırdılar.
ABŞ Senatı “Ermənistanın bərpası üçün səylərin təşviq edilməsini və dəstəklənməsini, prezident Qorbaçovun Xalq Deputatları Qurultayında ermənilərin nümayəndələri ilə dialoqu davam etdirməyə həvəsləndirilməsini” qərar aldı və qəbul edilmiş qətnaməni 1990-cı maliyyə ilinin əsginas haqqında qanununa əlavə olaraq daxil etdi.
20 dekabr 1992-ci il tarixli sayında “Nyu-York Tayms” qəzeti yazırdı ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Cozef Snayder həyəcanla deyirdi: “Azərbaycanın iqtisadi blokadası ucbatından erməniləri milli faciə təhdid edir”.
Prezident postundan getməsinə üç gün qalmış o dövrün ABŞ prezidenti H. Əliyevə yazdığı məktubda Qazax rayonunun ərazisindən Ermənistana yolun açılması müqabilində (onun coğrafiyamızı bu cür bilməsi sadəcə, heyranedicidir!) 907-cü düzəlişi aradan qaldırmağa hazır olduğunu qeyd etmişdir. Bununla da ABŞ kimi böyük və aparıcı bir dövlətin prezidenti etiraf etmişdir ki, 907-ci düzəlişi aradan qaldırmamağının səbəbi bu faktoru Ermənistanın lehinə çevirməkdən ibarət imiş.
“Biz elə etməliyik ki, istər Ermənistanda, istər Dağlıq Qarabağda, istər də başqa bir yerdə erməni xalqını təcavüzdən müdafiə edə bilək”.
Bu cür bəyanatlərin və qərarların hamısında açıq və ya gizli şəkildə ermənilərin yozduğu Sumqayıt hadisələrinə işarə var idi.
Sumqayıt hadisələri ətrafında anti-Azərbaycan kampaniyasını həyata keçirərkən, erməni tərəfi belə demək mümkünsə, ləyaqətsiz informasiya üsullarına əl atmaqdan çəkinmirdilər. Təəccüblü də osa, bu işdə onlara Azərbaycanda yaşayan populist siyasətçilər də kifayət qədər kömək edirdilər. Məsələn, guya kəsilmiş erməni başları haqqında Bakıdan qaynağı kifayət qədər şübhəli məlumatlar çıxdı. Təbii ki, bu gerçək informasiya deyildi, amma həmin məlumatla proses yerindən tərpəndi və erməni tərəfi qısa zaman içində həmin “kəllələri” “üzə çıxardı”.
Qorbaçovla Buş arasında aparılan ən müəmmalı danışıqlar dəniz dalğalarının sədaları altında Malta adasında baş tutmuşdur...
Vereşaqinin həmin rəsminə guya Sumqayıtda qətl edilmiş naməlum meyitlər də əlavə olundu. Almaniyada və Bolqarıstanda məhz bu kompozisiya dəhşətlə qarşılanmışdır.
Sumqayıt hadisələrini işıqlandırarkən erməni tərəfinin qazandığı müvəffəqiyyət həqiqətən də qibtəedici idi. Coğrafiyasına, əhatəsinə və təsiretmə gücünə görə bu kampaniyanı SSRİ-nin kosmosa göndərdiyi birinci peykin informasiya dəstəyi ilə müqahisə etmək olar!
İllər sonra tanınmış siyasətçilər öz memuarlarında yazırdılar ki, Qorbaçovla Malta danışıqlarından sonra Buşun Azərbaycana münasibəti kəskin şəkildə sərtləşdi. Bu danışıqlarda iştirak edən bütün tərəflərin Sumqayıt hadisələrindən xəbəri var idi və onlar bu məsələni həyacanla müzakirə edirdilər.
Müəllif uzun müddət iri xarici mühəndislik şirkətində elmi məsləhətçi işləmiş, ayrı-ayrı vaxtlarda Bakıda marketinq, sistemli təhlil, neft-qaz hasilatı, neft-qaz kəmərlərinin tikintisi və s. sahəsində bir çox mütəxəssislə ünsiyyətdə olmuşdur. Müxtəlif şəraitlərdə baş verən sərbəst söhbətlər zamanı müəllif hiss etdirmədən (istifadəsiz qalmış Monte-Karlo üsulunu tətbiq edərək, – müxtəlif mövzularda gedən uzun söhbətin arasında təsadüfi sual) həmin cənabların azərbaycanlıların Ermənistandan köçürülməsi, 20 yanvar 1990-cı il Bakı hadisələri, Xocalı hadisələri, Sumqayıt hadisələri, bu hadisələrdən sonra Volqoqradda, Tümendə, hətta Leninqradda belə coşmuş izdihamın yerli rəhbər partiya orqanlarının yerləşdiyi binaları viran etməsi, 2700 müsəlmanın serblər tərəfindən qətlə yetirildiyi Srebnitsa hadisələri və məhsəti türklərinin Özbəkistandan qovulması haqqında (məlum olduğu kimi, iyunun 5-də Fərqanə şəhərində baş verən iğtişaşlar nəticəsində 56 nəfər, o cümlədən 43 türk qətlə yetirilmiş, 355 türk və 136 özbək isə yaralanmış, türklərin yaşadığı 147 yaşayış evi yandırılmışdır) kim tərəfindən, necə və nə dərəcədə məlumatlandırılması ilə maraqlanmışdır.
Qorbaçovun dövründə SSRİ-də yəhudi talanı da baş vermişdi. Berşin yazır ki, 1990-cı ildə Kişinyovda yəhudu qırğını baş verdi. Bu talan “demokratik KİV-lər” və SSRİ-nin rəsmi qəzetləri tərəfindən yekdiliklə görməzdən gəlindi. Bu haqda sadəcə bəzi Pridnestrovye qəzetləri və Qorbaçova müxalif olan xırda radikal-kommunist nəşrləri yazdı. Kremldən əmr gəlmişdi ki, “Moldova demokratlarının” “stalinistlərə” və “ninaandeyçilərə” qarşı mübarizəsi dəstəklənsin. Bu gün İsraildə həmin qırğın haqqında adi hal kimi yazırlar: “Moldovada talan olduğu üçün bütün yəhudilər İsrailə köçdülər”. Moldova talanı ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən güclü yəhidi diasporasının bacarmadığını, Sumqayıt hadisələri ilə bağlı erməni lobbisi bacardı.
Müəllif bir neçə il boyunca bu materialları toplayaraq, onları sistemləşdirirdi. Nəticələr sarsıdıcı idi – müəllifin sorğuya çəkdiyi mütəxəssislərin 50 faizdən çoxunun Sumqayıt hadisələri barədə Saxarov və Kasparovun çoxsaylı bəyanatları vasitəsi ilə, – əlbəttə, onların hamısı bir nəfər kimi Mərkəz üçün deyil, Bakı üçün mənfi aspektdə! – məlumatı var idi. Sadalanmış ayrı-ayrı hadisələr barədə isə – 2 faizə yaxın xəbərdar idi, o da ki qatma-qarışıq!
Azərbaycana qarşı güclü kampaniya həmçinin Saxarov və Kasparov tərəfindən də aparıldı və etiraf etmək lazımdır ki, onlar bu işdə xeyli “uğur” qazandılar. Hətta siyasətdən uzaq “Sovet sirki” dərgisində (18 fevral, 1989 il, N 8) belə, Andrey Saxarov Sumqayıt hadisələrindən danışmaq üçün fürsət tapdı. Necə deyərlər, əsl “sirkdi”!
Dünya ictimaiyyətinin qulaq verdiyi tanınmış simalardan Sumqayıt hadisələri ilə bağlı Azərbaycana qarşı ən radikal tədbirləri akademik Saxarov təklif edirdi. O, Sovet vətənpərvəri olarkən də radikal idi, demokrat olarkən də. Sovet dövründə belə bir fakt məlum idi. Atomçu-alim Saxarov sovet admiralına SSRİ-nin sualtı gəmilərini ABŞ-ın cənub-şərqində yerləşdirməyi təklif edirdi. “Müharibə baş verdikdə ABŞ-ın cənub-şərqində yerləşən bütün şəhərlər məhv olacaq!” – bu qorxunc sözləri alim olan kəs bir hərbçiyə deyirdi. Hirsindən qızarmış admiralın cavabı isə belə olmuşdu: “Qulaq asın, axı siz – alimsiniz. Mən açıq döyüşdə iştirak etməyə hazıram, amma dinc şəhərləri məhv edə bilmərəm!”
Sumqayıt hadisələrindən sonra Baş katib Qorbaçova yazdığı məktubda Saxarov, Azərbaycanın siyasi və iqtisadi blokadaya alınmasını, sanksiyaların tətbiq edilməsini, respublikanın bütün rəhbərlərini məhkəməyə verilməsini, Sumqayıt hadisələrinin soyqırım kimi tanınmasını, Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə verilməsini təklif edirdi.
Saxarovun qərəzli bəyanatlarını və çıxışlarını Bakıda yaxşı xatırlayırlar. O, Sumqayıt hadisələri üzrə dəqiq istintaqın aparılmasını tələb edirdi. SSRİ-nin baş prokuroru Suxarevdən SSRİ prokurorluğu istintaq qrupunun rəhbəri Qalkinın “Sumqayıt hadisələrini necə ört-basdır etdiyinə” dair açıq-aşkar izahat tələb edirdi.
Saxarov deyirdi: “Yarımçıq tədbirlər insanları sakitləşdirə bilməz, xalqlar dostluğu haqqında isə heç kəlmə ola bilməz! Əgər Sumqayıt hadisələrindən əvvəl kimsə bundan şübhələnirdisə, artıq bu hadisələrdən sonra heç kəs DQMV-nin Azərbaycanın tərkibində qalmasını israr etmək kimi bir mənəvi haqqa sahib deyildir”.
Müəllifi isə hər zaman bizim demokratların Saxarovu uca tutmaları təəcübləndirir. Mənim Vətənimə xainlik edən buna layiq ola bilməz – o, istər faşist olsun, istər demokrat, fərq etmir.
Bütün beynəlxalq tədbirlərdə Azərbaycan alimlərini, incəsənət xadimlərini Sumqayıt hadisələri ilə əlaqədar sərt şəkildə sorğu-suala tuturdular. Bu məqalənin müəllifi bir neçə dəfə belə faktlarla rastlaşıb.
Yunanıstanın Saloniki şəhərində keçirilən Şahmat olimpiadasını xatırlayıram. Məni oraya bu qədim oyunun bilgisayarlaşdırılmasına dair leksiya oxumağa dəvət etmişdilər. Qrossmeyster Nana İoseliani digər tanınmış şahmatçıların yanında məndən soruşdu: “Bu cür hadisə Sumqayıtda necə baş verə bilərdi?” Ona cavab verdim ki, bəs bu faciə separatçılar tərəfindən təşkil edilmişdir. Cavabında isə o mənə: “Nə separatizm, bu ki, əsl vandalizmdir!” – dedi.
Burada qeyd etməliyəm ki, Azərbaycan üçün həmin ağır dövrdə Gürcüstandan heç bir dəstək gəlmədi. Orada düşünürdülər ki, bu Cənubi Qafqazın deyil, sırf Azərbaycanın problemidir. Ancaq zaman göstərdi ki, gürcülər səhv edirmiş.
Həmçinin Saloniki şəhərində Kasparovun Sumqayıt hadisələri ilə əlaqədar xarici jurnalistlərə verdiyi saysız-hesabsız müsahibələrin şahidi olmuşdum. O, bütün günahı azərbaycanlıların üzərinə atırdı. Hər axşam yunan telekanalarında Azərbaycana qarşı çıxışlar edirdi, sanki Salonikiyə şahmat oynamağa yox, siyasətdən danışmağa gəlmişdi. Yunan televiziyası vasitəsilə Kasparov bunları deyirdi: “Sumqayıt hadisələri müasir dövrdə ermənilərin soyqırımıdır... Bakıda insanları erməni olduqları üçün öldürürdülər... Ermənilər Bakını tərk edəndən sonra, Bakı ölmüş şəhərə çevrildi... Artıq Bakı heç bir zaman sivilizasiyalı şəhər olmayacaq, ona görə ki, onun inkişafını təmin edən yerli əhali deyildir... Bakı özünü uzun müddət dünyadan təcrid etdi... Bir sıra müxtəlif profilli mütəxəssislərin Azərbaycanı tərk etməsindən sonra iqtisadiyyat dağılmağa başladı və proses sonsuza qədər davam edəcək!” və s.
Şahmatçılardan ibarət heyətin üzvləri mənə tərs-tərs baxırdılar. Bəlli bir təşkilatdan olması şübhə doğurmayan tərcüməçi mənə təxribat dolu belə bir sual verdi: “Ermənilərin axırına çıxandan sonra, ruslara qırmağa başlayacaqsınız? Azərbaycan yalnız azərbaycanlılar üçündür?!” İnsanın onun sifətinə tüpürməsi gəlirdi. Axı Azərbaycanda, hətta 1990-cı il qanlı yanvar hadisələrinin dövründə belə, ruslarla heç bir problem yaşanmamışdır. SSRİ Şahmat Federasiyasının sədri, təyyarəçi-kosmonavt Vitali Sevostyanov və köhnə dostum qrossmeyster Eduard Qufeld məni sakitləşdirməyə çalışırdılar: “Onlara fikir vermə, onlar prosesləri dərindən başa düşə bilmirlər!”
Müdrik Yakov Damski – “Mayak” radiostansiyasının müxbiri hələ o vaxt mənə demişdi: “Xatırlayın, bu cür hadisələr Çar Rusiyasında da baş verirdi və bu hadisələrin təşkilatçıları yaxşı bəllidir!"
Onu da xatırlatmaq yerinə düşər ki, azərbaycanlıların Xocalıda ermənilər tərəfindən soyqırımına məruz qaldıqdan sonra Kasparov bu barədə ağzına bir kəlmə belə almadı. Onun nankor mahiyyətini sübut edən bir çox faktlar var. Azərbaycanda boya-başa çatdı, bizim çörəyimizi yedi. Bu gün isə Azərbaycanda hələ də elə insanlar var ki, 2016-cı ildə Bakıda keçiriləcək Şahmat olimpiadasında bu xəyanətkarı şərəfli müsafir qismində Azərbaycan payttaxtında görmək arzusundadırlar. Yazıqlar olsun onlara!
Sumqayıt hadisələri əlaqədar Bakı, bax belə bir qorxunc zərbə aldı! Albert Eynşteyn bir dəfə demişdi: “Atomu parçalamaq formalaşmış stereotipi qırmaqdan daha asandır”.
Erməni tərəfi məharətlə Sumqayıt şəhərini Azərbaycanın mənfi damğasına çevirmişdilər və bu stereotipi dağıtmaq çox çətin idi. Geniş auditoriya qarşısında Türkiyədə erməni “soyqırımı” haqqında söz açılanda, bir qayda olaraq bəlli şəhər adı çəkilmir, “soyqırımın” konkret ünvanı göstərilmir, yəni diqqətin cəmləşdirilməsi baş vermir. Ancaq Azərbaycana gəlincə stereotip avtomatik səviyyəyə çatdırılmışdı – istənilən yerdə Sumqayıtın adı çəkilən kimi, Azərbaycan mənfi payını almış olurdu. Burada qeyd etmək yerinə düşərdi ki, məlum hadisələrdən sonra Sumqayıt şəhəri həm də sarsıdıcı iqtisadi zərbə aldı. Dünyanın Sumqayıt kimi bir çox şəhərlərində buna bənzər hadisələr baş vermişdir, hətta həmin şəhərlərdə törədilən talan nəticəsində qurbanların sayı Sumqayıtdakından daha çox olmuşdur, ancaq həmin şəhərlərin iqtisadiyyatı bu qədər zərbə almamışdır. Söhbət ondan gedir ki, Sumqayıt şəhərinin texnoloji ardıcıllığının planlaşdırılmasını erməni əsilli Lalayants, Sitaryan və SSRİ Neft-Kimya Sənayesi naziri Kostandov aparmışdılar. Onların planlaşdırmasına əsasən, Sumqayıtda heç bir tamamlanmış proses nəzərdə tutulmurdu, bütün məhsul yarımfabrikat şəklində istehsal edilirdi və bu səbəbdən də Sumqayıt hadisələrindən sonra şəhərin neft-kimya sənayesi tam iflic oldu. Yeltsinin şəxsi əmri nəticəsində Rusiya müəssisələri Sumqayıtın istehsal etdiyi məhsullardan imtina etdi.
Sumqayıtın iqtisadi gücü 11 faiz azaldı, donor şəhəri qısa müddət ərzində dotasiya şəhərinə çevrildi. Sumqayıt şəhərinin bərpası üçün 20 il müddət lazım oldu.
Məhz Sumqayıt hadisələri SSRİ KİV-də mənəviyyatsız jurnalistlərin yüksəlişini, Kommunist Partiyası tezislərinin dollarla sıxışdırıldığını, Qərb KİV-nin necə səthi və qeyri-obyektiv olduğunu göstərdi.
Həmin qorxunc Sumqayıt hadisələrindən 28 il ötdü və bu gün Sumqayıt stereotipi yavaş-yavaş obyektiv istiqamət götürməkdədir. Artıq Sumqayıt hadisələrinə ermənilərin açdığı pəncərədən deyil, çoxtərəfli siyasi prizmadan baxılır. Son zamanlar Qərb KİV-ində Sumqayıt hadisələri əlaqədar dərin təhlilli kifayət qədər məqalələr dərc olunur. Bu mövzuda tanınmış hüquqşünas Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nın dağılması” kitabını xüsusi qeyd etmək istərdim. Bu kitab bir neçə dilə çevrilib və Sumqayıt hadisələrinə kifayət qədər işıq salır. Tam əminliklə deyə bilərəm ki, bu kitab Sumqayıt hadisələri ilə bağlı siyasi və hüquqi aspektləri içərən ilk sistemli araşdırmadır.
Əgər müvafiq dövlət orqanları Sumqayıt hadisələrinə dair informativ işıqlandırmanın dəqiq dövlət modelini hazırlasaydılar, bu işdə biz daha çox uğur qazana bilərdik. Prezidentin göstərişlərinə baxmayaraq, demək olar ki, heç bir iş görülməmişdir. Bu cənablar əsas düşmən qismində bir dəfəlik müxalifəti və son zamanlar ziyalıları hədəfə alıblar. Ziyalıları ona görə hədəfə alıblar ki, onlar hər bir problemə öz mövqelərini irəli sürülər.
Ehtimallar nəzəriyyəsi mövzusunda Bayes prosesi adlanan anlayış var. Bayes teoremi ehtimal nəzəriyyəsində “Yeni informasiya ilə qarşı-qarşıya qaldıqda həmin informasiya sizin əminliyinizi nə dərəcədə dəyişə bilər?” sualına cavab verən teoremlərdən biridir. Burada söhbət qeyri-müəyyənlik şərtlərində qərar qəbul edilməsindən və yeni faktların yaranması fonunda öz nəzəriyyələrimizi necə nəzərdən keçirməli olduğumuzdan gedir. Biz də Sumqayıt hadisələrinin bütün faktorlarını eyni ehtimalla seçsək, Bayes prosesinə əsasən yeni məlumatı da istifadə etsək, başlanğıç sisteminə yaxın bir sistem əldə etmiş olarıq. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri ehtimal olunan hadisələrə aiddir və deteminasiya üzrə həlli mümkün deyil, çünki burada bir neçə güc iştirak edib.
Tək bir şey açıq-aydın bəllidir: bu qorxunc sistem Azərbaycanda formalaşmayıb və Azərbaycana heç bir aidiyyatı yoxdur (Qriqoryanı və onun ətrafında olan bir neçə talançını nəzərə almasaq).
İnformasiya aspektində erməni tərəfi Azərbaycana güclü zərbə endirdi, yəni rəsmi Вakıya qarşı Sumqayıt hadisələrini maksimal istifadə etdi. Uzun illər Azərbaycan özünə gələ bilmədi. Sumqayıt hadisələrində rol alan digər güclərə gəlincə, onlar özləri özlərini aldadıb, ölkəni dağıtdılar.
Sumqayıt hadisələrindən bir neçə il sonra Qorbaçov deyirdi ki, onun rəqibləri bilə-bilə “perestroyka”nı pisləyirdilər, ölkənin idarəolunmaz vəziyyətə gəldiyini söyləyirdilər. Nə fərq edər ki? Axı nəticə etibarı ilə əsas zərbəni Azərbaycan almış oldu.
T. Atayev yazır: "Qlobal mənada Sumqayıt hadisələri SSRİ-də ümumi sabitliyin pozulmasına gətirib çıxaran və ölkənin dağılmasını yaxınlaşdıran vacib amil olmuşdur. Xaricdə isə “zəifləmiş Sovet sisteminin öz vətəndaşlarını müdafiə etmək iqtidarında olmadığına dair təbliğat makinası işə salındı.
Axıdılan “perestroyka” qanından sonra SSRİ-nın daxilində “konservatorlar” və “demokratlar” arasındakı yarğan tamamən böyüdü və “qanla” qidalanan “xalq-demokrat hərəkatı” özünün reytinqini möhkəmlədərək, əmin addımlarla Rusiyada hakimiyyəti ələ keçirməyə başladı. Bütün bunlar baş verdiyində o vaxtki dövlət başçısı SSRİ-nin zəif düşməsinə gətirən kompleks tədbirləri dəqiqliklə həyata keçirirdi. Azərbaycanlalıları isə yeni-yeni bəlalar gözləyirdi – ərazisinin işğal olunması və günahsiz qurbanlar”.
Erməni qəzetlərinin yazdığına görə, Ermənistanın baş naziri çox maraqlı açıqlama verib: “Dünya bizdən yorulub (bezib)...”
Baş nazirin dediklərini etika baxımından müəllif davam etdirmir. Aydındır ki, artıq dünya Sumqayıt təbliğatından boğaza yığılıb. Artıq yeni dövr yetişib və bu dövrün daha mürəkkəb, daha aktual problemləri mövcuddur.
Sumqayıt hadisələrinə və bu hadisələrin dünya KİV-də işıqlandırılmasına dair bilməliyik ki, ölkənin informasiya sistemi daima lazımi səviyyədə olmalıdır. Bu bizim üçün bir dərsdir və Sumqayıt hadisələrini heç vaxt nəzərdən qaçırmaq olmaz – bu hadisələr mina kimi hər zaman Azərbaycana qarşı istifadə oluna bilər.
Qaynar.info