Xəbər lenti

Qorxu hissinin yoxa çıxdığı kənddən REPORTAJ
Ölkə08:58 30.04.2016

Qorxu hissinin yoxa çıxdığı kənddən REPORTAJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər gün Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı yaydığı xəbərlərdə adını gördüyüm rayona, kəndə yaxınlaşdıqca istər-istəməz güllə səsini gözləməyə başladım. Aprel ayı ərzində cəbhədə vəziyyətin, demək olar ki, heç sakitləşməməsi məni belə düşünməyə vadar edirdi. Gözləyirdim ki, görəsən, atəş səsi nə vaxt eşidiləcək? Belə səs eşidiləndə nə etmək lazımdır? Burada yaşayanlar hər gün bu narahatlığa necə dözürlər?
Təmas xətti, oradakı kəndlərin ermənilər olan tərəflə yaxınlığı barədə o qədər eşitmişdim ki, elə bilirdim ermənilər getdiyimiz maşını da görürlər. Həmkarlarım telefon danışıqlarımıza da diqqət etməli olduğumuzu, qarşı tərəfin siqnalı tutub dediklərimizi eşidə biləcəyini deyəndə söhbətimi də saxladım.
Maşın Füzulinin kəndlərinin bir-bir geridə qoyub Qazaxlara doğru irəliləyir. Bu kənddən bir az irəlidə təmas xəttinə ən yaxın Cocuqmərcanlı var. Ondan da o tərəfə Füzulinin ermənilərin işğalı altında olan hissəsi... İcra hakimiyyətinin nümayəndələri deyir ki, həmin kəndə baş çəkib vəziyyətlə maraqlanmaq üçün mütləq Müdafiə Nazirliyindən icazə alınmalıdır.
Hava sərinləyib, mənim yağmağından qorxduğum güllə əvəzinə maşının şüşələrinə yağış tökülür. Kəndləri arxada qoyduqca yol da hava kimi yavaş-yavaş pisləşməyə, kələ-kötürlər artmağa başlayır. Nəhayət, Horadiz və daha bir neçə yaşayış məntəqəsini keçib Qazaxlar kəndinə çatırıq. Kəndə gəlməkdə məqsədimiz buradakı vəziyyət, insanların yaşayışı ilə maraqlanmaqdır. Yerli icra hakimiyyətinin təşkil etdiyi avtomobilin sürücüsü bizi dayandığımız yerlə tanış edir. Bir-iki kilometr aralıda görünən yüksəkliyi göstərib deyir ki, onun o biri tərəfində erməni işğalçılarıdır.
Nazim Hikmətin “Ne ölümden korkmak ayıp, Ne de düşünmek ölümü” sözlərini xatırlayıb öz qorxuma təsəlli tapır və buradakı insanların necə bu qədər sakit göründüyünü düşünməyə başlayıram.
Kənd məktəbinin qarşısına yaxınlaşdıqca yolun kənarında, tində oturub söhbət edən cavanların üzündə də nigaranlıq, təmas xəttinin cəmi bir neçə kilometrliyində yaşamaq təhlükəsi hiss olunmur.
Bilmirəm, bu insanın yaşadığı yerə uyğunlaşmaq, öyrəşmək bacarığından qaynaqlanır, yoxsa onlar həqiqətən güllədən, pozulan atəşkəsdən və nəhayət, ölümdən qorxmurlar?! Axı, Nazim Hikmət demiş, ölümdən qorxmaq ayıb deyil?!
Buradakı evlərin divarlarında, damlarında güllə, mərmi izləri yoxdur. Biz həmin kənddə olduğumuz vaxtlarda Tərtər rayonunda döyüşlər getsə də, burada ümumiyyətlə, heç bir atəş səsi eşidilmir. Hər yerdə ölüm səssizliyi var. Üstündə “Super market” yazılan balaca mağaza da bağlıdır.
Oturub söhbətləşən bir neçə gəncə yaxınlaşırıq. Deyirlər ki, burada atəş səsləri elə də çox eşidilmir. Bu kənddəki vəziyyət təsəvvür etdiyiniz qədər qorxulu deyil:
“Bəzən biz də səs eşidirik. Amma bir-iki güllə səsinə görə heç kim evini qoyub başqa yerə getmir. Evlərimizdə də hələ ki, heç bir mərmi, güllə izi yoxdur. Cocuqmərcanlıda bəzi evlərə güllə dəydiyi deyilir”, - deyə gənclər yerbəyerdən cavab verir.
Bir neçə evi geridə qoyub qapılardan birini döyürük. Uşağı ilə bizi qarşılayan Arzu xanım da vəziyyətdən danışarkən deyir ki, burada durum elə də pis deyil:
“Dünən günorta atışma səsi eşitdik, amma hələ ki, güclü səs-küy, ya da evlərə ziyan dəyməsi ilə rastlaşmamışıq. Evimizi qoyub gedəcək qədər qorxulu vəziyyət yoxdur. Amma yenə də ehtiyat edirik”.
Kənddə kiminlə söhbətləşsək, oxşar sözləri eşitdik. Bakıdan yüzlərlə kilometr uzaqda, paytaxtla müqayisədə daha təhlükəli bölgədə yaşamaq, deyəsən, ancaq bizim üçün dəhşətli, qorxulu görünür. Təmas xətti ilə yaxın kəndlərdə ya bu qorxuya alışıblar, ya da heç nədən qorxmurlar...(virtualaz.org)
Qaynarinfo.az