Bakı ciddi şəkildə dayə problemi yaşayır. İşləyən xanımlar uşaqlarını başqa xanıma etibar edənə qədər yaşadıqları stress ölçüyə gəlmir. Səbəb? Qorxu! Etibarsızlıqdan doğan qorxu. Hamıdan pislik gözləmək, hamının vicdansızlığına hazır olmaq stressi axırımıza çıxıb. Bir-birimizə etibar etmədikcə, özümüzçün ən etibarlı adam ancaq özümüz olduqca, heç bir növ insan birliyindən söhbət gedə bilməz.
O qədər də uzaq olmayan uşaqlığımızda analarımızı daha ürəkli gördük. Sadəcə qonşuya: “Gözün bizim qapıda olsun” – demək bəs edirdi ki, yaxın-uzaq səfərlərə çıxsınlar. Düzdür, “qaraçılar əl-ayağınızı kəsib diləndirəcəklər” xəbərdarlığını az eşitmədik. Təkbaşına evdən çıxmaq, tanımadığımız adamların çağırışına gedib yol göstərmək adətimiz olmadı uşaqlıqda.
Deyəsən, o vaxt daha ağıllı olmuşuq. Sonra guya böyüdük, yol tanıyan olduq, yolayrıcında çaş-baş qalmış tanımadıqlarımız da… Nə isə. Mövzu indiki analardır.
Anaların tapşırığı ilə qapımızı bərk-bərk bağlayıb evimizdə özbaşına böyüdük. Lap kiçik yaşlarımızdan. İndi ikinci sinifdə oxuyan qızcığaz tanıyırsınızmı ayağının altına kətil qoyub qaz plitəsində qayğanaq bişirsin? Mən elə bir sovet məktəblisi tanıyıram amma…
O vaxt analar qaz sızmasından, elektrik xətlərindən, oğrudan-filandan qorxmurdularmı? Qurd ürəyi yemişdilərmi? Heç gəlib bağçada dava salmadılar, yeməyimizi təftiş eləmədilər, çayımızın rəngini də ölçmədilər. Baxmayaraq ki, keyfiyyət heç ürəkaçan deyildi! Baxmayaraq ki, zorla yatızdırılır, zorla yedizdirilir, hərdən də qum qazdığımız kiçik kürəklərin dadına baxırdıq. Bizə heç nə olmadı! O bağçalardan sağ-salamat çıxıb haqqımızın daha çox tapdandığı başqa meydanlara – məktəblərə atıldıq.
Bizi babalarımız dürlü-dürlü sözlərlə əzizlədilər də - tərbiyəmiz pozulmadı nədənsə, evdə milçəköldürən də qızartdı yanımızı – anamızı sevməkdən vaz keçmədik amma, dayı buyurdu, bibi danladı. Amma indi gənc analar nəinki baba-nənə, xala-bibi, əmi-dayıların, hətta uşağın atasının uşağa söz deməsinə dözmək fikrində deyillər.
Bu qorxunun/əzizləmənin/həssaslığın/emosionallığın səbəbini anlamağa çalışıram. Anaların övlad sevgisimi artıb? Babalar daha pis babadılarmı? Ataların niyə “uşaq tərbiyəsindən xəbərləri yoxdu?” (c)
Axı niyə bu gün analar övladları üçün çox, lap çox qorxurlar?! Analıq intuisiyası ilə böyük fəlakətlərimi duyurlar?