Xəbər lenti

Qovşaq rəisinin adı 2 milyonluq qalmaqalda
Ölkə10:10 09.04.2014

Qovşaq rəisinin adı 2 milyonluq qalmaqalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov 2 il əvvəl telefon çəkilişindən dövlət adına pul yığıb 

Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov dövlət büdcəsindən ayrılmış pulların bir qismini fibrooptik kabellərin çəkilişi zamanı mənimsəyib. Jam.az-ın araşdırmalarına görə, Əsgərov bu zaman bir sıra «əməliyyatlar» həyata keçirməklə 300 min manata yaxın vəsaitə sahib olub. 

Məlumatlarda vurğulanır ki, Qovşaq rəisinin ən böyük «əməliyyatı» iki il bundan əvvəl baş verib və bu zaman 2 milyon manata yaxın vəsait camaatdan yığılaraq, Əsgərovun ixtiyarına verilib. Məlumatı verən şəxs bildirir ki, hələ iki il bundan əvvəl Sumqayıt şəhərindəki 5, 6 və 7 saylı ATS-lərin elektronlaşdırılması prosesi həyata keçirilib. Dövlət tərəfindən bu işlərin reallaşdırılmasına 2 milyon manat vəsait ayrılsa da, Akif Əsgərov başqa bir varianta əl atıb. Belə ki, ATS-lər yeniləşdikdən sonra fərdi nömrələrə görə vətəndaşlardan 10 manat, cütləşmiş («blokirovka») nömrələrə görə isə 28 manat alınıb. 

Mənbə qeyd edib ki, həmin vaxt tələb olunan pulu verməyənlərin telefonları işləmirdi. Və həmin vaxt Akif Əsgərovun işçiləri camaata deyirmişlər ki, dövlət ATS-ləri elektronlaşdırıb və bunun üçün 2 milyon manat pul xərcləyib. Ona görə də, həmin məbləği yığaraq dövlətə vermək üçün camaatdan pul toplayırlar. 

Aydın məsələdir ki, bu deyilənlər sadəcə, bəhanə olub. Çünki dövlət bu cür layihələri həyata keçirən zaman ayırdığı pulları xidmət göstərilən müddətdə toplayır. Daha doğrusu, ayrılan vəsait təmənnasız pullardır və onlar zaman içində göstərilən xidmətin müqabilində geri dönür. Akif Əsgərov isə vəziyyəti yaxşı bildiyindən bu layihəni həm də özünün gəlir mənbəyinə çevirib. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info